Xarici diplomatların Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfərləri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi beynəlxalq kommunikasiya strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib. İşğaldan azad edilmiş ərazilərə diplomatik korpus nümayəndələrinin artıq 22-ci səfərinin təşkil olunması bu prosesin sistemli xarakter daşıdığını göstərir.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Modern.az-a bildirib ki, belə səfərləri yalnız tanışlıq xarakterli tədbir kimi qiymətləndirmək düzgün olmazdı.
Onun sözlərinə görə, diplomatların Qarabağdakı prosesləri birbaşa müşahidə etməsi gələcək siyasi qiymətləndirmələr üçün fərqli informasiya bazası yaradır:
“Diplomatiyada ərazini yerində görmək, aparılan prosesləri birbaşa müşahidə etmək və mövcud reallıqla tanış olmaq xüsusi əhəmiyyət daşıyır. Diplomatın mövqeyinin formalaşmasına yalnız rəsmi bəyanatlar deyil, öz gözləri ilə gördüyü mənzərə də təsir göstərir. Azərbaycan bu baxımdan ‘Qarabağa gəlin və reallığı öz gözlərinizlə görün’ ənənəsini yaradıb”.
Deputat qeyd edib ki, Azərbaycanın Qarabağla bağlı beynəlxalq kommunikasiya strategiyasında yeni mərhələ başlanıb:
“Əvvəllər əsas məqsəd Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq idisə, bu gün diqqət postmünaqişə reallıqlarının nümayişinə yönəlib. Xankəndidə yeni həyatın qurulması, Qarabağ Universitetinin fəaliyyəti, Şuşanın bərpası, Kəlbəcər və Ağdərədə həyata keçirilən infrastruktur layihələri beynəlxalq auditoriyaya təqdim olunur. Bu, əslində, ‘münaqişədən quruculuğa’ keçid narratividir”.
P.Vəliyevanın fikrincə, diplomatın səfər zamanı gördükləri yalnız onun şəxsi təəssüratı olaraq qalmır:
“O, gördüklərini öz hökumətinə, həmkarlarına və ölkəsinin diplomatik dairələrinə çatdırır. Beləliklə, yerində müşahidə edilən reallıq dövlətlərarası diplomatik kommunikasiya zəncirinin bir hissəsinə çevrilir”.
Deputat səfərin mədəni irslə bağlı hissəsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Xudavəng və Gəncəsər kimi abidələrin diplomatlara göstərilməsi Azərbaycanın regionun çoxqatlı tarixinə və bütün dini-mədəni irs nümunələrinə münasibətini nümayiş etdirir:
“Qafqaz Albaniyası tarixinin ən möhtəşəm xristian memarlıq komplekslərindən biri olan Xudavəng monastırına səfər xüsusilə əhəmiyyətlidir. Azərbaycan ərazisində yerləşən bütün mədəni irs nümunələrinə, onların dünyəvi və ya dini xarakter daşımasından asılı olmayaraq, yüksək dəyər verir və qorunmasına çalışır”.
P.Vəliyeva bildirib ki, işğal dövründə bir sıra tarixi abidələrdə “bərpa” adı altında onların memarlıq xüsusiyyətlərini dəyişdirən müdaxilələr həyata keçirilib:
“Ermənistan tərəfi Xudavəng monastır kompleksində dəfələrlə saxta ‘bərpa’ işləri apararaq abidəyə yeni ‘tarixi’ görünüş qazandırmağa və onun ilkin xüsusiyyətlərini dəyişdirməyə çalışıb. Kəlbəcər Azərbaycana qaytarılarkən monastır kompleksindən dini əşyaların, kitabların və digər nümunələrin, həmçinin Şuşa Xalça Muzeyindən xalçaların qanunsuz çıxarıldığı barədə faktlar mövcuddur”.
Deputat əlavə edib ki, müharibə zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun 1972-ci il Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasının tələblərinə baxmayaraq, işğal illərində Azərbaycanın tarixi-memarlıq irsinin saxtalaşdırılmasına yönəlmiş müdaxilələrə yol verilib:
“Tarixi abidələrə qarşı belə vandalizm aktları qəbuledilməzdir. Diplomatların bu ərazilərə səfəri həm aparılan quruculuğu, həm də Azərbaycanın mədəni irsin qorunmasına münasibətini birbaşa görmək baxımından mühüm əhəmiyyət daşıyır”.
Nicat Rüstəm