Modern.az

ABŞ Konqresində Trampın impiçmenti məsələsinə baxıldı - NƏTİCƏ

ABŞ Konqresində Trampın impiçmenti məsələsinə baxıldı - NƏTİCƏ

Dünya

Bu gün, 09:02

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti ilə bağlı növbəti təşəbbüsün qarşısını alıb.

Modern.az xəbər verir ki, “The Washington Post”un məlumatına görə, demokrat konqresmen El Qrinin təqdim etdiyi impiçment qətnaməsinin müzakirəsinin dayandırılmasına 232 konqresmen səs verib, 147 nəfər isə bunun əleyhinə çıxıb.

Səsvermə zamanı demokratlar arasında ciddi fikir ayrılığı yaranıb. Belə ki, 18 demokrat qətnamənin müzakirəsinin dayandırılmasını dəstəkləyib, 46 demokrat isə səsvermədə yalnız iştirak etdiyini qeyd edib və faktiki olaraq tərəflərdən heç birini dəstəkləməyib.

El Qrinin təqdim etdiyi qətnamə Trampın impiçmentinə başlamaq üçün onun səkkizinci cəhdi, prezidentin Ağ Evə qayıtmasından sonra isə dördüncü təşəbbüsü olub.

Sənəddə Tramp federal immiqrasiya qurumlarının fəaliyyəti ilə bağlı “ağır cinayətlər və hüquq pozuntuları”nda (“high crimes and misdemeanors”) ittiham olunur. Konqresmen immiqrasiya qurumlarını vətəndaş azadlıqlarını və lazımi hüquqi prosedur hüququnu pozmaqda günahlandırır.

Səsvermə zamanı 214 respublikaçı qətnamənin müzakirəsinin dayandırılmasını dəstəkləyib. Yalnız respublikaçı konqresmen Tomas Messi “iştirak edirəm” variantını seçib.

Demokratlardan 147 nəfər qətnamənin müzakirəsinin dayandırılmasının əleyhinə səs verib, 46 nəfər “iştirak edirəm” variantını seçib, 18 nəfər isə qətnamənin arxivə göndərilməsini dəstəkləyib.

ABŞ Nümayəndələr Palatasında Demokratlar Partiyasının rəhbərliyi səsvermədən əvvəl Qrinin təşəbbüsünün irəlilədilməməsi ilə bağlı partiya üzvlərinə çağırış edib.

Nümayəndələr Palatasında azlıq lideri Hakim Cefris, demokrat rəhbərliyin nümayəndəsi Ketrin Klark və Demokratlar kokusunun sədri Pit Aqilyar bildiriblər ki, impiçment prosedurunun başlanması üçün tamhüquqlu araşdırma və dinləmələr keçirilməlidir. Onların sözlərinə görə, Qrinin təşəbbüsü ilə bağlı belə bir proses aparılmayıb.

Qeyd edək ki, demokratlar Trampa onun ilk prezidentliyi dövründə iki dəfə impiçment elan ediblər. Lakin ABŞ Senatı hər iki halda onu təqsirli hesab etməyib.

Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində Demokratlar Partiyasının rəhbərliyinin Qrinin qətnaməsinə münasibəti göstərir ki, onlar ilkin araşdırma aparılmadan Trampa qarşı yeni impiçment proseduruna başlamağı dəstəkləmirlər.

Qrinin qətnaməsi əsasən federal immiqrasiya qurumlarının, o cümlədən İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) və Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin (CBP) fəaliyyətinə həsr olunub.

Sənəddə iddia edilir ki, Tramp administrasiyası bu qurumların lazımi nəzarət olmadan fəaliyyət göstərməsinə şərait yaradıb. Həmçinin hüquqi prosedur hüququnun və digər vətəndaş hüquqlarının pozulduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?