Modern.az

7 il əvvəl itkin düşən şəxsin qətli açıldı

7 il əvvəl itkin düşən şəxsin qətli açıldı

Ölkə

Bu gün, 10:30

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində 7 il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Modern.az-ın məlumatına görə, 2019-cu ilin aprel ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə polisə müraciət daxil olub.

Bununla əlaqədar Nadir Məmmədovun itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Toplanmış materiallar əsasında 8 avqust 2019-cu il tarixdə Cəlilabad rayon prokurorluğunda cinayət işi başlanılıb.

İbtidai istintaq çərçivəsində çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, Nadir Məmmədovun yerini müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən cinayət işi üzrə icraat sonuncu dəfə 18 oktyabr 2022-ci il tarixdə dayandırılıb.

Sonrakı dövrdə Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilib. Toplanmış sübutların qarşılıqlı və hərtərəfli təhlili nəticəsində Nadir Məmmədovun itkin düşməsinin qəsdən adam öldürmə cinayəti ilə əlaqəli olduğu müəyyənləşdirilib.

İbtidai istintaqla müəyyən edilib ki, Nadir Məmmədov əvvəldən tanıdığı, 1959-cu il təvəllüdlü Ələkbərov Ramiz Dadaş oğlu tərəfindən qisas məqsədilə öldürülüb.

Belə ki, 23 aprel 2019-cu ildə Nadir Məmmədovun spirtli içkinin təsiri altında olmasından istifadə edən Ramiz Ələkbərov onu Göytəpə şəhəri ərazisində idarə etdiyi avtomobilə mindirərək Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə aparıb.

Həmin gün saat 22 radələrində Ramiz Ələkbərov avtomobildə olan Nadir Məmmədovu boğaraq öldürüb. Daha sonra cinayəti gizlətmək məqsədilə onun meyitini həyətyanı sahədə yerləşən istifadəsiz su quyusuna atıb.

20 sentyabr 2026-cı il tarixdə Ramiz Ələkbərovun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə tövsif edilib.

O, həmin gün cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. Müdafiəçisinin iştirakı ilə dindirilərkən elan olunmuş ittiham üzrə ifadə verən Ramiz Ələkbərov cinayəti törətdiyini etiraf edib.

Bundan sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilib. Ramiz Ələkbərovun göstərdiyi istifadəyə yararsız su quyusunda qazıntı işləri aparılıb və oradan insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilərək götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan bildirilib ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı