“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilib.
Modern.az xəbər verir ki, seminarda çıxış edən tarix elmləri doktoru Həsən Həsənov Atropatena və Qafqaz Albaniyasının qədim tarixindən danışıb.
O bildirib ki, Atropatena və Albaniya dövlətlərinin Makedoniyalı İsgəndərin imperiyasının dağılması dövründə – eramızdan əvvəl IV əsrdə yaranması barədə tarix kitablarında yer alan fikir düzgün deyil.
“Atropatena dövlətinin, eləcə də Albaniyanın Makedoniyalı İsgəndərin imperiyası dağılan zaman, yəni eramızdan əvvəl IV əsrdə yaranması fikri tarix kitablarımızda böyük səhv kimi yer alır. Əslində, Atropatena eramızdan əvvəl IV əsrdə deyil, Aşşur imperiyasının dağıldığı dövrdə – eramızdan əvvəl VII əsrdə yaranıb”, – tarixçi deyib.
Həsən Həsənovun sözlərinə görə, bu barədə Suriya dilində yazılmış tarixi mətnlərdə də məlumat mövcuddur:“Həmin mənbələrdə Aşşur imperiyası dağıldığı zaman Atropatena adlı dövlətin yarandığı göstərilir. Min il sonra fransız səyyahı Jan Şarden də yazırdı ki, Azərbaycan Aşşur imperiyasının dağılması nəticəsində yaranmış dövlətdir”.
Alim qeyd edib ki, qədim Roma müəlliflərinin əsərləri də Atropatenanın Makedoniyalı İsgəndərdən əvvəl mövcud olduğunu göstərir.
“Eramızdan əvvəl III əsrdə yaşamış Roma tarixçisi Polibi yazır ki, Atropatena dövləti İsgəndərdən xeyli əvvəl mövcud olub. Eramızın I əsrində yaşamış digər Roma tarixçisi Dion Kassi də təsdiq edir ki, İsgəndər gələndə Atropatena artıq mövcud idi”, – o bildirib.
Həsən Həsənov Qafqaz Albaniyasının eramızdan əvvəl IV əsrdə yaranması barədə ilkin tarixi mənbənin olmadığını da diqqətə çatdırıb.
“Albaniyanın eramızdan əvvəl IV əsrdə yaranması haqqında mənbələrdə heç bir məlumat yoxdur”, – tarixçi vurğulayıb.
O, tarix elmində “mənbə” və “tədqiqat” anlayışlarının bir-birindən fərqləndirilməsinin vacibliyini qeyd edib:
“Mənbə qədim mətnlər, hadisənin baş verdiyi dövrü əks etdirən etibarlı tarixi sənədlərdir. Tədqiqat isə müasir müəlliflərin yazdığı şərhlərdir. Bizə qarşı yönələn iddialarda bir dənə də olsun tarixi mənbə yoxdur, onlar yalnız uydurma tədqiqatlara əsaslanırlar”.
Həsən Həsənov bildirib ki, hər hansı tarixi iddianın etibarlılığı onun ilkin mənbələrə əsaslanıb-əsaslanmamasından asılıdır:
“Erməni tərəfinin iddiaları mənbəyə, yoxsa tədqiqata əsaslanır? Əgər tədqiqata əsaslanırsa, ona inam çox azdır. Mənbəyə əsaslanırsa, etibarlılığı daha yüksəkdir. Bu gün heç bir ilkin mənbəyə əsaslanmadan istədiyini yazan yüzə yaxın tədqiqatçı var”.
Tarixçi əlavə edib ki, Albaniya barədə məlum olan ilkin mənbələrdən biri eramızdan əvvəl I əsrdə baş vermiş hadisə ilə bağlıdır:
“Eramızdan əvvəl IV əsrdə Albaniya dövlətinin yaranmasına dair heç bir mənbə yoxdur. İlkin mənbə yalnız eramızdan əvvəl I əsrə aiddir. Roma tarixçisi Dion Kassi qeyd edir ki, eramızdan əvvəl 66-cı ildə Roma sərkərdəsi Pompey Albaniyaya hücum edərkən onun qarşısına çarların başçılıq etdiyi Albaniya qoşunu çıxıb”.
Lamiyə Cənnətzadə