Modern.az

Malik Həsənov: Türk dünyası Azərbaycanın əsas xarici siyasət prioritetidir

Malik Həsənov: Türk dünyası Azərbaycanın əsas xarici siyasət prioritetidir

Ölkə

Bu gün, 15:01

Türk dünyasının birliyi və həmrəyliyi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Onun sözlərinə görə, son günlər Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Bakıda keçirilən tədbirlər Azərbaycanın türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmi bir daha nümayiş etdirib.

Deputat TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII toplantısının ardınca Təhlükəsizlik Şuraları katiblərinin V toplantısının keçirilməsini təşkilat daxilində əməkdaşlığın genişlənməsinin göstəricisi adlandırıb.

“Prezident İlham Əliyevin toplantı iştirakçılarına müraciətində vurğuladığı kimi, sarsılmaz dostluğumuz və qardaşlığımız Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını şərtləndirən əsas amillərdəndir. Azərbaycan TDT-yə sədrliyi dövründə ölkələrimiz arasında birliyin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyət imkanlarının reallaşdırılması, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səylərini davam etdirir”, – deputat deyib.

Malik Həsənov bildirib ki, TDT ölkələrinin təhlükəsizlik şuraları arasında əməkdaşlıq Türk dünyasının inteqrasiyasının yalnız siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığını, uzunmüddətli strateji xarakter daşıdığını göstərir:

“Bugünkü mürəkkəb dünyada TDT ölkələrinin ərazisində sabitliyin, sülhün və təhlükəsizliyin hökm sürməsi mühüm üstünlükdür. Sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin davamlı inkişafı mümkün deyil. TDT məkanında iqtisadi və sosial sahələr üzrə müsbət dinamikanın qorunması dövlətlərimizin həyata keçirdiyi siyasətin nəticəsidir”.

Deputat Azərbaycan-Türkiyə münasibətlərinin bütün Türk dünyasının birliyinin təməlini təşkil etdiyini vurğulayıb.

“Azərbaycan və Türkiyə arasında əlaqələr yalnız tarixi və mədəni yaxınlığa əsaslanmır. Siyasi maraqlar, təhlükəsizlik, enerji, nəqliyyat və xalqlarımız arasındakı münasibətlər də ölkələrimizi birləşdirir. Azərbaycan və Türkiyə bu gün regionda vahid məkan kimi mühüm rol oynayır. Birgə fəaliyyətimiz mürəkkəb geosiyasi şəraitdə sabitliyin möhkəmlənməsinə töhfə verir”, – Malik Həsənov bildirib.

Millət vəkili Azərbaycanın digər türk dövlətləri ilə münasibətlərinin də strateji səviyyəyə yüksəldiyini qeyd edib:

“Azərbaycan Türkiyə ilə yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzalayıb. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Qarşılıqlı investisiyaların cəlb edilməsi prosesi fəal şəkildə davam edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Türk dünyası bizim ailəmizdir”.

Malik Həsənov gənclər, təhsil və media sahələrində əməkdaşlığın genişləndirilməsinin də vacibliyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, gənc nəslin vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsi türk dövlətlərinin ümumi maraqlarına xidmət edir:

“Gənclər təşkilatları arasında əlaqələrə daha çox diqqət yetirilməli, müntəzəm forum, konfrans və birgə tədbirlər keçirilməlidir. Gənclərimizin bir-biri ilə ünsiyyət qurması, ortaq tariximizi və dəyərlərimizi yaxından tanıması Türk dünyasının gələcək birliyini daha da möhkəmləndirəcək”.

Deputat əlavə edib ki, ortaq mənəvi dəyərlər, dil və mədəniyyət yaxınlığı, eləcə də ümumi etnik köklər Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün möhkəm baza yaradır.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı