Süni intellekt texnologiyalarının gündəlik həyata sürətlə daxil olması uşaqların təhsili və psixoloji inkişafı ilə bağlı yeni risklər yaradıb. Azyaşlıların bu texnologiyadan nəzarətsiz istifadəsinin doğura biləcəyi təhlükələr ayrıca qanunvericiliyin hazırlanması məsələsini gündəmə gətirib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda süni intellektin istifadəsini tənzimləyən ayrıca qanunun qəbuluna ehtiyac var.
Deputatın sözlərinə görə, mümkün təhlükələrin qarşısını indidən almaq lazımdır:
“Süni intellektlə bağlı qanun qəbul etməli və bu sahədəki bütün məsələləri tənzimləməliyik. Sosial medianın təhlükələrindən danışırıq, amma süni intellektin yarada biləcəyi risklərin də qarşısını almalıyıq. Əks halda, bir müddət sonra daha çətin vəziyyətlə üzləşə bilərik. Zaman gələcək, düşünəcəyik ki, kaş bu qanunu daha əvvəl qəbul edib müəyyən məhdudiyyətlər tətbiq edəydik”.
Ceyhun Məmmədov hesab edir ki, süni intellektdən düzgün istifadə qaydaları ilə bağlı davamlı maarifləndirmə aparılmalı, xüsusilə uşaqlar və yeniyetmələr arasında nəzarətsiz istifadənin qarşısı alınmalıdır:
“Süni intellektin gələcəkdə gənclərimizin beynini çürütməsindən çox narahatam. Mən bu prosesin gələcəyini yaxşı görmürəm. Bununla bağlı dəfələrlə həyəcan təbili çalmışam. İndidən ciddi tədbirlər görülməsə, gələcəkdə çox böyük problemlərlə üzləşəcəyik”.
Deputat süni intellektdən kütləvi və nəzarətsiz istifadəyə müəyyən məhdudiyyətlərin tətbiq edilməsini, eyni zamanda məktəblərdə və sosial mediada maarifləndirmə işlərinin gücləndirilməsini təklif edib.
Lamiyə Cənnətzadə