Modern.az

Övladını üzrsüz səbəblərdən məktəbə göndərməyən valideynlər sərt cəzalandırılacaq

Övladını üzrsüz səbəblərdən məktəbə göndərməyən valideynlər sərt cəzalandırılacaq

Ölkə

Bu gün, 09:39

Qanunvericiliyə əsasən, valideynlər övladlarının ümumi təhsil almasını təmin etməyə borcludurlar. Bu vəzifənin üzrsüz səbəbdən yerinə yetirilməməsi valideynlik vəzifələrinin icra olunmaması kimi qiymətləndirilə və xəbərdarlıqdan tutmuş valideynlik hüquqlarının məhdudlaşdırılması və ya məhrum edilməsinə qədər tədbirlərə səbəb ola bilər. Lakin uşağın dərsə davamiyyətinin təmin edilməməsinə görə birbaşa inzibati cərimə nəzərdə tutulmur.

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova Modern.az-a açıqlama verib:

Deputat bildirib ki, övladını üzrlü səbəb olmadan davamlı olaraq dərsə göndərməyən valideynlərin məsuliyyəti məsələsinə daha ciddi yanaşılmalıdır:

"Burada söhbət təkcə məktəbə davamiyyətdən deyil, uşağın gələcəyindən, təhsil hüququndan və şəxsiyyət kimi formalaşmasından gedir. Təhsil uşağın hüququ, valideynin vəzifəsi, dövlətin isə qoruduğu fundamental dəyərdir. Azərbaycan Respublikasının Konstitusiyası pulsuz və icbari ümumi orta təhsil hüququnu təmin edir. “Ümumi təhsil haqqında” Qanun da valideynlərin üzərinə övladlarının icbari təhsil almasını təmin etmək öhdəliyi qoyur. Bu vəzifənin üzrsüz səbəbdən yerinə yetirilməməsi uşağın gələcək imkanlarını məhdudlaşdırır və cəmiyyətin inkişafına mənfi təsir göstərir”.

Onun sözlərinə görə, qanunvericilikdə valideynlik vəzifələrinin yerinə yetirilməməsinə görə müəyyən məsuliyyət tədbirləri nəzərdə tutulsa da, dərsə davamiyyətin təmin edilməməsinə görə ayrıca inzibati cərimə mexanizminin yaradılması məsələsi müzakirə oluna bilər:

"Üzrsüz səbəbdən dərslərdən sistemli şəkildə yayınma hallarına qarşı daha təsirli hüquqi tədbirlərin görülməsi vacibdir. Eyni zamanda, xəstəlik və ailənin ağır sosial vəziyyəti kimi üzrlü səbəblər nəzərə alınmalı, məsuliyyət tədbirləri əsaslandırılmış və mütənasib olmalıdır".

Elnarə Akimova bildirib ki, ümumi təhsil müəssisələrində nizam-intizamın, vahid qaydaların və dünyəvi təhsil prinsiplərinin qorunması da mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, məktəb bilik verilən yer olmaqla yanaşı, həm də uşaqlara məsuliyyət, bərabərlik və qanuna hörmət aşılayan ictimai mühitdir:

"Şagirdlərin məktəbli geyimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl etməsi, valideynlərin isə bu qaydalara riayət olunmasını təmin etməsi təhsil mühitində vahid yanaşmanın formalaşmasına xidmət edir. Müəllimdən yüksək nəticə tələb edilirsə, onun səmərəli fəaliyyət göstərməsi üçün lazımi şərait də qorunmalıdır. Dövlətin, məktəbin və ailənin məsuliyyəti bir-birini tamamlamalı, davamiyyət problemi yarandıqda isə onun səbəbləri araşdırılmalı və zəruri hallarda aidiyyəti qurumlar prosesə cəlb edilməlidir".

E. Akimova vurğulayıb ki, uşağın təhsil hüququnun qorunması məsələsində laqeydliyə yol vermək olmaz:

"Valideynlik uşağı böyütməklə məhdudlaşmır, onun təhsil almasına, tərbiyəsinə və gələcəyə hazırlanmasına şərait yaratmaqdır. Sosial çətinlik yaşayan ailələrə dəstək göstərilməli, uşaqlar böyüklərin məsuliyyətsizliyinin qurbanına çevrilməməlidir. Əgər qanunla müəyyən edilmiş öhdəliklər yerinə yetirilmirsə, məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsi zərurəti yaranır. Uşaqların gələcəyini laqeydliyə buraxa bilmərik. Təhsil uşağın hüququ, valideynin borcu və dövlətin qoruduğu ictimai dəyərdir”, – deyə deputat qeyd edib.

Deputat Samir Vəliyev də məsələ ilə bağlı fikirlərini bildirib:

“Qanunvericilikdə müvafiq dəyişikliklər etməklə inzibati cərimələrin tətbiqi və mövcud məsuliyyət tədbirlərinin sərtləşdirilməsi mümkündür. Bunun üçün müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməli, valideynlərin məsuliyyəti, cərimələrin məbləği və tətbiqi qaydaları dəqiq müəyyənləşdirilməlidir. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarının ümumi təhsil almasını təmin etməyə borcludurlar. Eyni zamanda, “Ümumi təhsil haqqında” Qanunda da valideynlərin övladlarının icbari ümumi orta təhsil almasını təmin etmək məsuliyyəti müəyyən edilib. Ailə Məcəlləsinə əsasən, valideynlik vəzifələrinin yerinə yetirilməməsi valideynlik hüquqlarından məhrumetmə üçün də əsas ola bilər”.

Onun sözlərinə görə, valideynlərin hüquqi məsuliyyətinin gücləndirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə müvafiq müddəaların əlavə edilməsi təklif oluna bilər. Üzrlü səbəb olmadan uşağının dərslərdə iştirakını sistematik şəkildə təmin etməyən valideynlər barəsində xəbərdarlıq və müxtəlif məbləğlərdə inzibati cərimələrin tətbiqi onların məsuliyyətinin artırılmasına xidmət edə bilər.

Samir Vəliyev bildirib ki, bu məsələdə əsas məqsəd valideynləri yalnız cəzalandırmaq deyil, ilk növbədə uşaqların təhsil hüququnu qorumaq və onların təhsildən kənarda qalmasının qarşısını almaq olmalıdır. Onun fikrincə, qanunvericiliyə müvafiq dəyişikliklər etməklə valideynlərin məsuliyyətini artırmaq və uşaqların təhsilə davamiyyətinə nəzarəti gücləndirmək mümkündür.

“Ümumiləşdirərək hesab edirəm ki, müvafiq qanunvericilik aktlarına dəyişikliklər edilməklə valideynlərin məsuliyyətinin artırılması, cərimələrin tətbiqi və mövcud məsuliyyət tədbirlərinin sərtləşdirilməsi hüquqi baxımdan mümkündür”, – deyə deputat qeyd edib.

Nicat Rüstəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...