Çində iki ailə torpaq sahələrinin sərhədləri ilə bağlı iki əsr ərzində məhkəmə çəkişməsi aparıb.
Modern.az xəbər verir ki, “South China Morning Post” qəzetinin yazdığına görə, Sian şəhərindəki məhkəmə bu yaxınlarda nəhayət, işə son qoyub.
Du və Çjan ailələri uzun illər evləri arasındakı sərhədə görə mübahisə ediblər. Bu yaxınlarda Du ailəsi mətbəxini təmir etmək və divarı hündürləşdirmək istəyib. Lakin qonşuları buna etiraz edərək işlərin günəş işığının qarşısını alacağını və suyun axıdılması ilə bağlı problemlər yaradacağını bildiriblər. Mübahisələr bəzən davaya çevrilib. Polis və kənd komitəsi tərəfləri onlarla dəfə barışdırmağa çalışsa da, buna nail ola bilməyib.
Barışıq cəhdlərinin birində Çjan ailəsi gözlənilməz bir sənəd təqdim edib — imperator Tsyanlunun hakimiyyətinin 46-cı ilinə aid torpaq müqaviləsi. Saralmış səhifədə əllə yazılmış mətn qorunub saxlanılıb. Çjan ailəsinin sözlərinə görə, bu, iki ailə arasında bağlanmış və həyətlərindəki xurma ağacı ilə işarələnən sərhədi müəyyən edən müqavilə olub.
Beləliklə, hakimiyyət orqanları mübahisənin 200 ildən çox davam etdiyini anlayıblar. Bu müddət ərzində hər iki ailənin nəsilləri torpaq sərhədlərinə görə dəfələrlə münaqişə yaşayıblar. Mübahisələr hətta 1949-cu ildə Çin Xalq Respublikası qurulduqdan qısa müddət sonra da davam edib.
Lakin məhkəmə sərhədi yalnız köhnə sənədə əsasən müəyyən etməyib. Hakimiyyət orqanları ölçmə işləri aparıb və hər iki ailəni qane edən təmir planı hazırlayıblar.