Modern.az

Qanunvericiliyə “virtual oxucu” anlayışı daxil ediləcək

Qanunvericiliyə “virtual oxucu” anlayışı daxil ediləcək

Parlament

Bu gün, 13:26

Qanuna elektron kitabxana və məsafədən xidmət anlayışları əlavə olunmalıdır

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

O bildirib ki, müzakirələr göstərir ki, kitabxana sahəsində həm hüquqi baza, həm də fəaliyyət mexanizmləri ciddi islahatlara ehtiyac duyur. Onun sözlərinə görə, 1998-ci ildə qəbul edilmiş “Kitabxana işi haqqında” qanun öz dövrü üçün mühüm sənəd olsa da, artıq müasir tələblərə cavab vermir və yenilənməlidir.

"Yeni qanunun hazırlanmasındansa, hazırda qüvvədə olan qanunvericiliyə təxirəsalınmaz dəyişikliklərin edilməsi daha məqsədəuyğundur. İlk növbədə qanunvericiliyə “elektron kitabxana”, “məsafədən xidmət” və “virtual oxucu” anlayışları daxil edilməlidir. Bu, vətəndaşların kitabxanaya gəlmədən elektron sistemlər vasitəsilə qeydiyyatdan keçərək resurslardan istifadə etməsinə imkan yaradacaq".

Şöbə müdiri nəşriyyatlar və poliqrafiya müəssisələrinin öhdəliklərinin də yenidən nəzərdən keçirilməsini təklif edib. O bildirib ki, beynəlxalq təcrübədə çap olunan kitabların, mətbuat məhsullarının və elmi işlərin elektron nüsxələrinin müəyyən müddət ərzində dövlət kitabxanalarına təqdim edilməsi qanunla tənzimlənir.

Adil Vəliyev kitabxana fonduna zərər vuran istifadəçilərlə bağlı məsuliyyət mexanizminin də dəyişdirilməsini təklif edib. O qeyd edib ki, hazırda tətbiq olunan onqat cərimə norması əvəzinə itirilmiş və ya zədələnmiş kitabın bazar dəyəri ilə əvəz olunması daha məqsədəuyğun ola bilər.

O, həmçinin sağlamlıq imkanları məhdud şəxslərin kitabxanalardan istifadəsinin genişləndirilməsi üçün inklüzivliklə bağlı yeni normaların qanunvericilikdə əksini tapmasının vacibliyini vurğulayıb.

Adil Vəliyev çıxışının sonunda hazırkı mərkəzləşdirilmiş kitabxana sisteminin sovet dövründən qalan model olduğunu qeyd edərək, bu yanaşmanın dəyişdirilməsi və yeni idarəetmə mexanizmlərinin formalaşdırılması məsələsinin də müzakirə olunmalı olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV