Modern.az

35 yaşında ayrıldı, 73-də doğma Xankəndiyə qayıtdı - FOTO

35 yaşında ayrıldı, 73-də doğma Xankəndiyə qayıtdı - FOTO

Qarabağ

26 Avqust 2026, 13:56

Fəxrəddin Əhmədovun həyat hekayəsi doğma yurda olan sonsuz bağlılığın, illərlə qorunan ümidin və nəhayət, gerçəkləşən qayıdışın hekayəsidir.

Xankəndi, şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, 73 yaşlı Fəxrəddin Əhmədov 35 yaşında Xankəndidən köçkün düşüb. Bir neçə il Şuşada məskunlaşan ailə, Şuşanın işğalından sonra Bakıda məcburi köçkün həyatı yaşamağa məcbur olub. Lakin illər, məsafələr və ayrılıq doğma Xankəndiyə olan sevgini heç vaxt azalda bilməyib.Bu gün isə Fəxrəddin Əhmədov ailəsi və nəvələri ilə birlikdə doğma yurduna qayıdıb. İndi yaşadığı ev onun üçün sadəcə bir mənzil deyil, uşaqlığının, gəncliyinin və ən gözəl xatirələrinin yaşadığı doğma ata ocağıdır. Deyir ki, bu evi atası tikib.

O da uşaqlığının, gəncliyinin ən xoşbəxt çağlarını bu evdə keçirib. Fəxrəddin dayının doğma evlə bağlı ən şirin xatirələrindən biri isə göyərçinləridir. Gənclik illərində böyük həvəslə göyərçin saxladığını deyən Fəxrəddin dayı bu sevgisini illər sonra da davam etdirir. Xankəndiyə qayıtdıqdan sonra yenidən göyərçinlər saxlayır. Sanki illər əvvəl yarımçıq qalan bir xatirə yenidən canlanıb. Səhərlərini Xankəndidə açmaq, doğma şəhərin havasını udmaq ona xüsusi rahatlıq verir. Özünü əvvəlkindən daha sağlam, gümrah və xoşbəxt hiss etdiyini söyləyir. Uzun illər həsrətini çəkdiyi doğma evində ailəsi və nəvələri ilə birlikdə yaşamaq onun üçün həyatının ən böyük xoşbəxtliklərindən biridir.

Fəxrəddin Əhmədov bu gün doğma Xankəndidə keçmişini xatırlayaraq gələcəyə baxır. Onun həyatı bir daha göstərir ki, insan üçün yurd havasının əvəzi yoxdur. 35 yaşında ayrıldığı Xankəndiyə 73 yaşında ailəsi və nəvələri ilə qayıdan Fəxrəddin dayı bu gün evində, yurdunda ömrünün ən böyük sevincini yaşayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...