Sentyabrın 25-də Mərkəzi Seçki Komissiyası (MSK) “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin “exit-poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxıb. MSK təşkilatı qeydə almaqdan imtina edib və qərarını onunla əsaslandırıb ki, təqdim olunan sənədlər tələblərə tam cavab vermir. Bu barədə təşkilatın prezidenti Elçin Məmməd bildirib. Onun sözlərinə görə, akkreditasiyadan keçmək üçün lazımi sənədlər təqdim olunub və MSK-nın bununla bağlı qaydalarına riayət olunub.
“Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində səslərin alternativ qaydada hesablanması məqsədilə «exit-poll» tədqiqatı təşkil etmək niyyətindəyik. Qanunvericiliyə uyğun olaraq lazımi sənədləri hazırladıq və akkreditasiyadan keçmək üçün MSK-ya təqdim etdik. Lakin MSK-nın müraciətimizə nə vaxt baxacağı barədə bizdə məlumat yox idi. Dəfələrlə müraciət etsək də, bu barədə bizə dolğun cavab verilmirdi. Ancaq sentyabrın 25-də mətbuatdan xəbər tutduq ki, “exit-poll” keçirmək üçün müraciətimizə baxılıb və mənfi qərar verilib”. E.Məmməd həmçinin, qeyd edib ki, 306 seçki məntəqəsi olmaqla, 34 seçki dairəsində “exit-poll” tədqiqatı aparmağa imkanları var və əsas məqsəd prezident seçkilərinin demokratik, şəffaf əsaslarla təşkilinə dəstək verməkdir.
Təşkilatın rəhbəri analoji qərarın MSK tərəfindən 2008-ci ildə də verildiyini bildirib və bunun siyasi xarakter daşıdığını vurğulayıb. Təşkilatın rəhbəri onu da bildirib ki, MSK-nın qərarından Apellyasiya şikayəti verəcəklər və hüquq müstəvisində mübarizəni davam etdirəcəklər.
Modern.az