“Orxan Zeynalov məsələsinin və bundan sonra baş verən hadisələrin arxasında siyasi məsələlər, maliyyə məsələləri, əmlak məsələləri və s. durur. Bu hadisələri şişirtməkdənsə, onların səbəblərini araşdırmaq və çıxış yolları tapmaq lazımdır”. Bu sözləri Modern.az-a açıqlmasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvi Elmira Axundova deyib. O, qeyd edib ki, məlum hadisələr təkrarlana və həm Rusiya, həm Azərbaycan vətəndaşları tərəfindən düşünülməmiş addımlar atıla bilər.
“Məhz bu səbəbdən Vahid Əhmədovun Rusiyaya deputatların getməsi ilə bağlı irəli sürdüyü təklifi bəyənirəm. 90-cı illərin əvvəllərində də belə təşəbbüslər olub, Mixail Zabelinin qrupu, Azərbaycanda yaşayan rus icmasının nümayəndələri Rusiyaya gedib, camaatı sakitləşdirirdi. Əlbəttə, dövlət səviyyəsində də buna münasibət bildirilməli və kompleks tədbirlər görülməlidir. Çünki insanlarımızın bir çox hissəsi orada işləyir”.
E. Axundova bildirib ki, Rusiyaya gedən miqranatların çoxu hüquqi əsaslarla orada işləmir. Ona görə sabah Rusiya hökumətinin ixtiyarı var ki, onları deportasiya etsin.
“Bəs bu insanların aqibəti sonra necə olacaq? Ona görə bu məsələlərin hamısını sahmana salmaq lazımdır. Qrup şəklində millət vəkilləri olaraq gedib Rusiya danışıqlar aparsaydıq, pis olmazdı. Amma başa düşmək lazımdır ki, belə hadisələr hər an təkrarlana bilər, çünki rus əhalisi ümumiyyətlə Qafqazdan gələn millətlərin nümayəndələrinə loyal münasibətdə deyil. Səbəbləri çoxdur, indi mən bunların hamısını sadalamaq istəmirəm. Bu hadisələrlə bağlı oktyabrın 22-də Milli Məclisin plenar iclasında bir neçə təkliflə çıxış edəcəyəm”.
Aytən ƏLİYEVA