“Sessiya çərçivəsindəki müzakirələrin müəyyən bir hissəsində aparıcı istiqamət müşahidə missiyasının üzvlərinin fikirlərinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyində yer almasına imkan verilməməsi olub”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. O, qeyd edib ki, sessiyası çərçivəsində çıxış edən ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Doris Barnett çıxış edərək, nəticə etibarilə ATƏT/DTİHB ilə işləməyin çox çətin olduğunu bildirib.
“Xanım Barnett dedi ki, istər Bakıda, istərsə də regionlarda seçkilər çox yüksək əhval-ruhiyyədə keçib, insanların öz iradələrini azad ifadə etməsi üçün hər bir şəraitin yaradıldığının şahidi olub. O vurğuladı ki, hər hansı nöqsanlar olsa belə, onlar seçki prosesini kölgədə qoyacaq, nəticələri şübhə altına alacaq səviyyədə olmayıb və gəldiyi qənaət belə olub ki, ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının metodologiyasını dəyişmək lazımdır”.
B. Muradovanın sözlərinə görə, müşahidə missiyalarının əlaqələndiricisi Mişel Vuazen isə seçkilər günündə yüksək seçici fəallığının olduğunu, seçkilərin nəticəsində isə heç kimin inkar edə bilmədiyi, şəksiz bir qalib şəxsin olduğunu, onun cəmiyyətdə yüksək reytinqə malik olduğunu deyib. “O da ATƏT PA-nın ATƏT/DTİHB ilə əməkdaşlıq prinsiplərinə yenidən baxılmalı olduğunu vurğulayıb.
Bütövlükdə, mən son 8 ildə müxtəlif ölkələrdə keçirilən seçkilərlə bağlı ATƏT PA-dakı müzakirələrdə iştirakıma əsasən deyə bilərəm ki, bu günə qədər haqqında bu qədər çox sayda müsbət fikir ifadə olunan seçkiyə rast gəlməmişdim. Demək olar ki, daimi komitənin iclası bütünlüklə Azərbaycandakı seçkilərə həsr olundu, çıxış edənlərin əksəriyyəti ATƏT/DTİHB-nin Azərbaycandakı seçkilərə verdiyi mənfi qiyməti tənqid etdi”.
Milli Məclisin vitse-spikeri qeyd edib ki, sessiya çərçivəsində çıxış edənlərin fikir və arqumentlərini gücləndirən əsas məqamlardan biri də onların digər həmkarları ilə eyni mövqedə olublar və ATƏT/DTİHB-dən başqa bütün beynəlxalq müşahidə missiyaları seçkilərin demokratik, şəffaf və ədalətli keçirildiyini xüsusi olaraq vurğulayıblar.
Aytən ƏLİYEVA