Modern.az

Gəncədə içməli su və kanalizasiya xidmətlərindən istifadə yaxşılaşdırılır – FOTOLAR

Gəncədə içməli su və kanalizasiya xidmətlərindən istifadə  yaxşılaşdırılır – FOTOLAR

Təhsil

28 Avqust 2014, 15:30


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti respublikanın ikinci böyük şəhəri olan Gəncədə istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı)  birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su  və kanalizasiya  sistemlərinin yenidən qurulması üzrə işlərinin birinci mərhələsi yekunlaşıb. Bu barədə Modern.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Layihənin ilkin mərhələsində su mənbələrinin bərpası  və magistral su xətlərinin çəkilişi işləri aparılıb. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin tələbatı  nəzərə alınaraq müxtəlif mənbələrdən suyun gətirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə şəhəri içməli su ilə təmin edəcək  3 su mənbəyi – Göygöl və Qızılqaya drenaj sistemləri, həmçinin Şəmkirçay su anbarı seçilib.

 Layihənin birinci mərhələsi çərçivəsində Göygöl  su mənbəyi üzrə tikinti-quraşdırma  işləri yekunlaşmaq üzrədir. Bu mərhələdə su mənbəyində məhsuldarlığı saniyədə 200 litr  olan  drenaj sistemi bərpa edilib,  tutumu 4000 kubmetr olan 1 ədəd su anbarı inşa edilib və su mənbəyindən anbaradək   24,5 km uzunluğunda magistral su kəməri çəkilmişdir.  Bu mənbə hesabına Gəncə şəhərinin 20 faizi və ya 63 min nəfər sakini 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq.  Yaxın günlərdə Gəncə şəhərinə bu mənbədən içməli suyun verilməsinə başlanılacaq.

Şəhəri içməli su ilə təmin edən digər  mənbədə - Qızılqayada bərpa işləri həyata keçirilmiş, 1 ədəd 2000 kubmetrlik su anbarı tikilmiş, 9,5 km anbarlararası su xətləri çəkilmişdir. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd yeni su anbarının tikintisi isə  yekunlaşmaq üzrədir.

Gəncə şəhərinin içməli su tələbatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin ediləcək. Anbardan  götürüləcək  su  27,5 km uzunluğunda  magistral kəmərlə Qızılqaya  ərazisində inşa edilən və sutkalıq  məhsuldarlığı 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcəkdir.  Hazırda magistral su kəmərinin inşası davam etdirilir.

Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə yanaşı Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılıb. Layihəyə əsasən inşası nəzərdə tutulan  576 km uzunluğunda paylayıcı su xəttinin 30 km-lik,  582 km uzunluğunda kanalizasiya şəbəkəsinin isə 32 km-lik hissəsi çəkilmişdir.  Gələcəkdə Gəncə şəhərində yaranacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcək.

Gəncə şəhərində çoxmərtəbəli yaşayış binalarına smart-kart tipli su sayğaclarının quraşdırılmasına da başlanılıb.  İndiyədək 119 binada 7 minə  qədər abunəçi smart-kart sayğaclarla təmin olunub.

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla  450 min nəfər faydalanacaq.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı