Sentyabrın 3-də Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Böyük Azərbaycan, Vətəndaş və İnkişaf, İslam, Liberal Demokrat, Xalq partiyaları Demokratiyanı Müdafiə Xartiyası imzalayıblar. Xartiyada siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin təsis olunduğu bəyan edilib. Xartiya digər siyasi partiyaların imzalaması üçün açılıb.
Vicdan və siyasi məhbusların müayinəsi və müalicəsi üçün beynəlxalq tibbi komissiyanın yaradılması barədə Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, ATƏT, Avropa Şurası, Avropa Birliyi və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət qəbul edilib. Qeyd edək ki, bugünkü toplantıya qatılmayan partiyalar da var. Modern.az həmin partiyaların toplantıya qatılmamalarının səbəbini öyrənib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Müsavatın onları toplantıya dəvət etməsi ilə bağlı heç bir məlumatı olmadığını bildirib.
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bu gün Müsavat Partiyasına keçirilən toplantıya dəvət almadıqlarını deyib: “Düşünürəm ki, insan haqlarının, xüsusən İntiqam Əliyevin və digər siyasi məhbusların müdafiəsində müxalifət parçalanmamalıdır, hərə bir tərəfdə komitə yaratmamalıdır. Ona görə də Liberal Partiyası bütün müxalifətin bir yerə toplaşdığı təqdirdə iştirak edəcək, əks halda tərəflərə uğurlar diləyəcək. Biz öz imkanımız çərçivəsində siyasi məhbusları müdafiə edəcəyik. Biz əvvəlcədə açıqlama vermişik ki, parçalanmış birliklərdə iştirak etmək istəmirik”.
Namidə BİNGÖL