“Bu gün baş tutacaq məhkəmə prosesində iştirak etməyəcəm. Sözümü demişəm, artıq mənlik bir şey yoxdur. Prosesdə iştirak etməyimin heç bir mənası da yoxdur”. Bunu Modern.az-a xalq artisti, tarzən Ağasəlim Abdullayev ailə üzvlərinin ölümünə səbəb olan Xalid Mədətovun məhkəmə prosesində iştirak edib-etməyəcəyinə aydınlıq gətirərkən söyləyib.
Xalq artisti bildirib ki, məhkəməyə yalnız oğlu Vüqar Abdullayev gedəcək: “Ailə üzvlərimizdən yalnız oğlum orada iştirak edəcək. Hər şey gün kimi aydındır. Düşünürəm ki, bu gün hakim Xalid Mədətova hökm oxuyacaq. Çünki hər şey yekunlaşıb, uzatmağın mənası da yoxdur. Təqsirkar bəzi müddəları qəbul etməsə də, hadisəni törətdiyini boynuna alıb, üzrxahlıq da edib. Zərərçəkən kimi məhkəmənin gedişindən razıyam. Qarşı tərəf müəyyən müddəlara görə vəsatət qaldırsa da, hakim onları rədd edib”.
Ağasəlim Abdullayev hadisəni törədən X.Mədətovun atası Mübariz Mədətovun nə məhkəmə vaxtı, nə də sonra onlarla əlaqə saxladığını, ümumiyyətlə, buna ehtiyac olmadığını vurğulayıb.
Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən onu xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”-a çırpıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - xalq artistinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinə tövsiyyə olunub.
Həmçinin qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəis müavini vəzifəsindən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub.
Gülşən RAUFQIZI