Modern.az-ın “Mənim kəndim” rubrikasında bu dəfə xalq yazıçısı Mövlud Süleymanlı anadan olduğu Qərbi Azərbaycanın Qızılşəfəq kəndi barəsində danışacaq:
İndi mənim kəndim yoxdur. Mən 1943-cü il mart ayının 18-də Qərbi Azərbaycanda, indiki Ermənistanın ucqar bir yaylaq kəndində anadan olmuşam. O kəndin adı qədimdən Cücəkənddir.
Kəndin tarixi
Əlimə qələm aldıqdan sonra bu haqda düşünməli oldum ki, niyə bu kəndin adı məhz Cücə kənd adlanır. Sonralar öyrəndim ki, müxtəlif variantlarda bu adda kəndlər çoxdur. Mərhum akademik Ziya Bünyadovun tədqiqatında 2 Cücə kəndi olub. Böyük türk Cücə kəndi və kiçik türk Cücə kəndi. Gəncəbasar tərəflərdə bu adda kəndlər olub. Ərəş mahalında da guya bu adda kənd var. Bəzi tədqiqatçılar bunu Hülakü xanın nəvəsi Cuci bəylə əlaqələndirirlər. Onun guya yaylağı olub. Mən bu yozumla razılaşmadım. Hər halda, Şuşanın özü ilə əlaqəli ola bilər. Bizim kəndimiz yaşı bilinməz bir eldir.
Mən görməmişəm. Orada dəvə beli formasında abidə var imiş. Onun üzərində isə bir əlifba həkk olunmuşdu. Bolşeviklərin dövründə onu yıxdılar. Ancaq o yazılı daş abidələr qalmışdı. Onu başqa divarlara hörmüşdülər. Mən onun üzünü çıxarıb gətirdim. Uzun tədqiqatlar apardıq, ancaq məlum oldu ki, o alban əlifbası deyildi. Daha çox aramey əlifbasına bənzəyirdi.
O kəndin yaylaqları
O kəndin yaylaqları dənizdən 3900 metr hündürlüyündə Qafqaz sıra dağlarının ətəyində idi. Özünün yerləşdiyi yer isə 1200 metr hündürlüyündə idi.
Bəs adamları?
Yaşayış tərzi ağır olan kənd idi. Ancaq insanlar heyvandarlıqla məşğul olurdular. 400-dən çox ev var idi.
Bir gün o adamlar…
Kəndin sonrakı adı Qızılşəfəq adlanırdı. Ermənicə sonra ad verdilər, ancaq bütün kənd o ada görə ayağa qalxdı. Daha sonra elə Cücə kənd kimi də adlanmağa başladı.
Bizim kənd həmişə yaşayış izi olan, hər tərəfindən çay axan yer olub. Çayları dolanıb Kürə qovuşurdu. 70 yaşım var və indi mənim kəndim yoxdur.
Əgər olsaydı?
Həmişə o kəndə dönüb yazardım. İndi də oralarda dolaşıram. Ermənilər bizi oradan qovdular. Şamaxının Kərkəng adlı erməni kəndi var idi. Danışıqlar nəticəsində ermənilər bizim kəndə getdilər, bizim kəndin insanları isə həmin Kərkəng adlanan kənddə məskunlaşdılar. Kərkəng erməni kəndi olub və mənası quzğun deməkdir. Oradan çay keçmir və Şamaxının sol tərəfində yerləşir.
O kənddə qalanlar
Doğulmağım, uşaqlığım, məktəb illərim, bir sözlə, unudulmayan vaxtlarım məhz o kənddə oldu.
Məktəb demişkən?
İbtidai məktəbi öz kəndimizdə bitirdim. Bizim kəndlə 4 kilometr məsafədə Dağ Borçalıda isə 1959-cu ildə orta məktəbi bitirdim. bir il Tiflisdə işlədim. 1962-ci ildə universitetə qəbul oldum.
Kəndə səfər
Keçən il o kəndin sərhədinə qədər gedib çıxdım. Kəndə baxdım, evlərin çoxu sökülüb. Heç öz evimi də görə bilmədim. Orada yaşayan yoxdur.
Kəndə borcum
Mən bu gün yazıramsa, bunu o kəndə borcluyam. O qədər canlı həyatı olan bir kənd idi ki, təbiətindən çox şey götürdüm. Ona görə mən o kəndlə başladım, deyəsən elə o kəndlə də qurtaracağam.
Oranın oralığı
Elə bil insanlardan asılı deyildi, ancaq bütün insanlar o kənddən asılı idi. Oranın toy adətləri, bütün bayram əhval ruhiyyəsi çox canlı idi. Oranın yeraltı, yerüstü sirlər qaldı.
Kəndi itirmək
17 yaşıma qədər orada qaldım, hələ də o kəndlə yaşayıram. Çünki əzab-əziyyətlə oradan qovulduq. Əlimiz çatmadı. Biz heç döyüşə də bilmədik. Yəni məğlubiyyətimiz də məğlubiyyət olmadı. Böyük təzyiq nəticəsində qovulduq. Bizim Qarsla aramız az idi. Amasiya deyilən el var idi. Sərhədlər qurulduqdan sora ayrılıqlar başladı.
Elmin NURİ
Ulduz İBRAHİMOVA