ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə keçirilən 9-cu ADA Beynəlxalq Təhsil Konfransında Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə N.Şirinov adına 5 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Nərminə Elman qızı Əzizlinin təqdim etdiyi məqalə yüksək dəyərləndirilib və o, konfransda məruzəçilərdən biri olub.
ADA Universitetinin rektoru, akademik Hafiz Paşayevin, elm və təhsil naziri Emin Əmrullayevin iştirak etdiyi möhtəşəm təhsil konfransında İmişli müəlliminin "Müasir məktəblərdə xarici-dil üzrə buraxılış imtahanlarının şifahi hissəsinin metodiki əhəmiyyəti və təşkili xüsusiyyətləri" barədə təqdimatı maraqla qarşılanıb və onun məqaləsi konfransın Elmi Məruzələr toplusuna daxil edilib.
Konfransda müasir təhsilin hədəfləri, süni intellekt dövründə öyrənmə, eləcə də təhsilin inkişaf prespektlərindən geniş şəkildə danışılıb, keyfiyyətli təhsil üçün peşəkar müəllimin, güclü universitetin və milli-mənəvi dəyərləriə söykənən müasir məzmunun olması kimi fikirlər səslənib.
Nərminə müəllimə təəssüratlarını bizimlə bölüşərkən təqdimatının sevincindən qürur duyduğunu bildirdi. Qeyd etdi ki, o, bir müəllim kimi hər gün axtarışda olmasa, gündəlik fəaliyyətini təhlil edib qəlbində özünüqiymətləndirmədən keçirməsə, rahatlıq tapa bilmir.
"Müəllimlik mənim üçün bir şərəfdir! O yolun yolçuluğunda qəlbimdə şagirdlərimə sonsuz sevgi var. Onun qarışığı və üstəgəl valideynlərimin fəaliyyətimə verdiyi dəyər ən ali mükafatımdır", - Nərminə Əzizli deyir.
Nərminə Əzizli 2024-cü ildə keçirilən sertifikasiya imtahanında 57 bal toplamış yüksək peşə hazırlığına malik ingilis dili müəllimidir. Təlim gösrəricilərinə görə Mil-Muğan Regional Təhsil İdarəsi onun əməyini dəyərləndirərək Fəxri Fərmana layiq görüb.
Peşəsini özünə şərəf bilən və ondan zövq alan Nərminə müəllimə daha böyük uğurlar arzulayırıq.
Səxavət Tağlar,
Əməkdar müəllimi, Prezident mükafatçısı