Modern.az

BMU-da bu ixtisas üzrə magistr hazırlığı başlayır

BMU-da bu ixtisas üzrə magistr hazırlığı başlayır

Təhsil

Bu gün, 16:42

2026/2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisasının “Radiorabitə, radioverilişlər və televiziya” ixtisaslaşması üzrə magistr hazırlığı həyata keçiriləcək. Bu ixtisaslaşma ölkədə müasir telekommunikasiya, radio və televiziya yayımı sahələri üçün yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına xidmət edir. İxtisaslaşma magistratura ixtisaslarının dövlət təsnifatında da yer alır.

İxtisaslaşmanın əsas məqsədi rəqəmsal transformasiya dövründə radio və televiziya yayımı, simsiz rabitə sistemləri, multimedia texnologiyaları, müasir radiotexnika və telekommunikasiya infrastrukturu sahələrində peşəkar mütəxəssislər yetişdirməkdir. Proqram məzunlara televiziya və radio yayım şirkətlərində, mobil rabitə operatorlarında, telekommunikasiya müəssisələrində, elmi-tədqiqat institutlarında, dövlət qurumlarında və ali təhsil müəssisələrində fəaliyyət göstərmələri üçün zəruri bilik və bacarıqlar qazandıracaq.

Tədris proqramının ilk mərhələsində radiotexnikanın nəzəri əsasları, siqnallar və sistemlər, rəqəmsal rabitə, elektromaqnit dalğalarının yayılması, antena-fider qurğuları, radioötürücü və radioqəbuledici sistemlər, televiziya və radio yayımının texnoloji əsasları kimi fundamental biliklər tədris olunacaq. Növbəti mərhələdə isə tələbələr müasir simsiz rabitə şəbəkələri, rəqəmsal televiziya sistemləri, peyk və mobil rabitə, proqram təminatlı radio (SDR), IP əsaslı yayım texnologiyaları, şəbəkələrin layihələndirilməsi, elmi tədqiqat metodları və innovativ mühəndis həlləri istiqamətində ixtisaslaşacaqlar.

Tədris prosesi müasir təhsil yanaşmaları əsasında təşkil ediləcək. Dərslərdə layihəəsaslı öyrənmə (Project-Based Learning), probleməsaslı tədris (Problem-Based Learning), laboratoriya və simulyasiya məşğələləri, proqram təminatlarından istifadə, praktik layihələrin hazırlanması, sənaye müəssisələri ilə əməkdaşlıq və tədqiqat yönümlü fəaliyyət əsas yer tutacaq. Bu yanaşma magistrantların həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdirməyə imkan verəcək.

İxtisaslaşma üzrə magistrantlara radiotexnika, rəqəmsal rabitə sistemləri, radioveriliş və televiziya texnologiyaları, telekommunikasiya şəbəkələri, antena sistemləri, mikrodalğa texnikası, siqnalların rəqəmsal emalı, optik və mobil rabitə sistemləri, informasiya təhlükəsizliyi, elmi tədqiqat metodologiyası, layihələrin idarə olunması və digər ixtisas fənləri tədris ediləcək. Tədris planı müasir telekommunikasiya sektorunun tələblərinə uyğun formalaşdırılacaq.

Proqramın sonunda magistrantlar istehsalat və pedaqoji təcrübə keçəcəklər. İstehsalat təcrübəsi zamanı onlar telekommunikasiya və yayım müəssisələrində real layihələr üzərində işləyərək peşəkar təcrübə qazanacaq, pedaqoji təcrübə çərçivəsində isə ali təhsil müəssisələrində tədris prosesinin təşkilinə cəlb olunacaqlar. Təcrübələrin nəticələri magistrlik dissertasiyasının hazırlanmasına da mühüm töhfə verəcək və məzunların əmək bazarında rəqabət qabiliyyətini artıracaq.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...