Azərbaycanda məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli tətbiq olunacaq.
Modern.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları"nı təsdiqləyib.
Yeni modelə əsasən, dövlət özəl məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların təhsil haqqının 70 faizini qarşılayacaq. Dövlət dəstəyinin məbləği Bakı şəhəri üzrə aylıq 350 manatadək, digər şəhər və rayonlar üzrə isə aylıq 250 manatadək müəyyən edilib. Təhsil haqqının qalan hissəsi valideyn tərəfindən ödəniləcək.
Qaydalara əsasən, Elm və Təhsil Nazirliyi hər il müsabiqə keçirəcək. Müsabiqədə yalnız "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq məktəbəqədər təhsil fəaliyyəti üçün lisenziya almış özəl müəssisələr iştirak edə biləcəklər. Qiymətləndirmə nəticəsində seçilən müəssisələrlə maliyyələşdirmə müqavilələri bağlanacaq və dövlət dəstəyi həmin müqavilələr çərçivəsində qəbul olunan uşaqlara şamil ediləcək.
Nazirlər Kabineti bildirir ki, yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına, dövlət və özəl sektor arasında əməkdaşlığın genişlənməsinə, valideynlərin seçim imkanlarının artırılmasına və daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlb edilməsinə xidmət edəcək.
Elm və Təhsil Nazirliyi müsabiqənin elan ediləcəyi tarix, müraciət qaydaları və qiymətləndirmə meyarları barədə əlavə məlumat verəcək.