Modern.az

Magistraturada plan yerləri boş qaldı - Yeni imtahan formatı təklif olundu

Magistraturada plan yerləri boş qaldı - Yeni imtahan formatı təklif olundu

Təhsil

Bu gün, 12:07

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbulun yekun nəticələrini açıqlayıb. Nəticələrdən sonra məlum olub ki, ayrılmış plan yerlərinin əhəmiyyətli hissəsi boş qalıb. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər plan yerlərinin dolmamasını ali təhsil sistemi üçün "fiasko" və ya "faciə" kimi qiymətləndirir, digərləri isə bunu əmək bazarındakı dəyişikliklər, gənclərin xaricdə təhsil və işə üstünlük verməsi, eləcə də magistr təhsilinə marağın azalması ilə əlaqələndirir.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, magistraturaya qəbulun yekun nəticələri plan yerlərinin böyük hissəsinin boş qalacağını əvvəlcədən göstərirdi.

Onun sözlərinə görə, bu il magistratura üzrə təxminən 17 min 688 plan yeri ayrılmışdı. Lakin ixtisas seçiminə bundan xeyli az namizəd buraxıldığı üçün minlərlə plan yerinin boş qalacağı əvvəlcədən proqnozlaşdırılırdı.

Ekspert hesab edir ki, yaranmış vəziyyət magistraturaya qəbul modelinin dəyişdirilməsinin zəruriliyini bir daha ortaya qoyur:

“Magistraturaya qəbul imtahanının formatı dəyişdirilməlidir. Araşdırmalar göstərir ki, təhsili inkişaf etmiş ölkələrin böyük əksəriyyətində magistraturaya qəbul məntiq, informatika, xarici dil və esse əsasında aparılmır. Avropa ölkələrinin əksəriyyətində qəbul diplom üzrə orta müvəffəqiyyət göstəricisi, tövsiyə məktubları, CV və digər akademik göstəricilər əsasında həyata keçirilir. Yalnız bəzi ixtisaslarda ixtisasyönümlü imtahan tətbiq olunur”.

R.Nurəliyev bildirib ki, Azərbaycanda tətbiq olunan model beynəlxalq praktikadan fərqlənir:

“Türkiyədən başqa, qonşu ölkələrin əksəriyyətində ayrıca magistratura imtahanı yoxdur. Gürcüstanda, Ermənistanda, Rusiyada bu formada qəbul sistemi tətbiq edilmir. Bir çox Asiya ölkələrində də ayrıca magistratura imtahanı keçirilmir. İmtahan olan ölkələrdə isə suallar namizədin seçdiyi ixtisasa uyğun hazırlanır. Bizdə isə qəbul zamanı ixtisas üzrə bilik ümumiyyətlə yoxlanılmır”.

Ekspertin fikrincə, bu yanaşma xüsusilə humanitar ixtisas məzunları üçün ciddi problem yaradır:

“Təsəvvür edin ki, tarix ixtisasını bitirmiş şəxs gələcəkdə tarix üzrə alim olmaq istəyir. Amma magistraturaya qəbul zamanı tarixdən deyil, məntiq, informatika və xarici dildən imtahan verir. Akademik karyeranın təməli ixtisas bilikləri üzərində qurulmalıdır. Öz sahəsi üzrə biliyin yoxlanılmaması doğru yanaşma deyil.

Magistratura nəticələrinə baxdıqda yüksək bal toplayanların əksəriyyətini riyaziyyat və informatika istiqamətində təhsil alan məzunlar təşkil edir. Humanitar ixtisas məzunlarının böyük hissəsi aşağı nəticə göstərir. Bu da mövcud imtahan modelinin bütün istiqamətlər üçün eyni dərəcədə uyğun olmadığını göstərir".

Ekspert magistraturaya qəbul mexanizminin tamamilə yenilənməsini təklif edib:

“Mən hesab edirəm ki, magistraturaya qəbul Elm və Təhsil Nazirliyinin elektron platforması üzərindən həyata keçirilə bilər. Necə ki, köçürülmə və ya əlavə təhsil üzrə qəbul portal sistemi vasitəsilə aparılır, magistratura da eyni qaydada təşkil oluna bilər. Namizədlər sənədlərini elektron sistemə yükləsin, universitetlər isə akademik göstəricilərə əsasən seçim etsinlər”.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində ali təhsilə qəbul prosedurları sadələşdirildiyi halda, Azərbaycanda əks proses müşahidə olunur:

“Bakalavr pilləsinə qəbul kifayət qədər çətin mərhələlərdən keçir. Magistraturada da əlavə imtahan tətbiq olunur. Doktoranturada isə bir çox ölkələrdən fərqli olaraq iki pilləli sistem saxlanılır. Halbuki dünya təcrübəsi daha sadə və çevik mexanizmlərə üstünlük verir”.

R.Nurəliyev nəzərə çatdırıb ki, magistraturaya marağın aşağı olması gələcək elmi-pedaqoji kadr hazırlığı üçün də risk yaradır:

“Hər il on minlərlə tələbə bakalavr təhsilini başa vurur. Lakin onların yalnız kiçik hissəsi magistraturaya müraciət edir. Üstəlik, müraciət edənlərin bir qismi bunu yalnız hərbi xidmətin təxirə salınması üçün edir. Bu tendensiya davam edərsə, gələcəkdə universitetlər üçün elmi və pedaqoji kadr hazırlığında ciddi problemlər yarana bilər”.

Təhsil eksperti Məzahir Məmmədli isə bildirib ki, son illər Azərbaycanda magistraturaya qəbul prosesində plan yerlərinin əhəmiyyətli hissəsinin boş qalması təsadüfi deyil və bunun bir neçə ciddi səbəbi var.

"Əsas problemlərdən biri magistraturaya qəbul imtahanında istifadə olunan sualların məzmunu və tərtibatı ilə bağlıdır. Hazırda qəbul imtahanında məntiq, informatika, xarici dil üzrə suallar, həmçinin esse tapşırığı yer alır. Bu model bakalavrlar üçün əlavə və xüsusi hazırlıq tələb edir. Nəticədə bir çox məzun bakalavr təhsilini başa vurduqdan sonra magistraturaya qəbul üçün hazırlaşmaq əvəzinə əmək bazarına üz tutur”.

Ekspert bildirib ki, magistraturaya marağın azalmasının digər mühüm səbəblərindən biri də əmək bazarında magistr dərəcəsinə kifayət qədər üstünlük verilməməsidir:

“Bu gün əmək bazarında magistr dərəcəsi əksər hallarda vacib tələb kimi qoyulmur. Gənclər də əlavə iki il təhsil almaqdansa işləməyi üstün tuturlar. Bundan başqa, ödənişli təhsil də magistraturaya marağı azaldan amillər sırasındadır”.

M.Məmmədli hesab edir ki, problemin həlli üçün dövlət səviyyəsində kompleks yanaşmaya ehtiyac var:

“Bu gün nə ümumtəhsil məktəblərində məntiq fənni kifayət qədər tədris olunur, nə də ali məktəblərdə bu istiqamətdə hazırlıq yetərlidir. Hesab edirəm ki, dövlət səviyyəsində müəyyən plan hazırlanmalıdır. Ya magistr dərəcəsi olan şəxslər üçün iş yerlərində müəyyən güzəştlər tətbiq edilməli, ya da qəbul imtahanının sualları bakalavrlar üçün daha əlçatan formada tərtib olunmalıdır”.

Ekspert diqqətə çatdırıb ki, magistraturaya marağın azalması ali təhsil müəssisələrinin tədqiqat universitetinə çevrilməsi hədəfinə də mənfi təsir göstərir:

“Tədqiqat universitetinin əsas göstəricilərindən biri güclü magistr və doktorant hazırlığıdır. Elmi mühit məhz bu pillədə formalaşır. Təəssüf ki, bu istiqamətdə də vəziyyət ürəkaçan deyil. Bir çox universitetlərdə magistratura dərsləri axşam saatlarında keçirilir ki, tələbələr gündüz işləyə bilsinlər. Mövcud sosial şərait baxımından bunu başa düşmək mümkündür. Ancaq həqiqətən tədqiqat universiteti modeli qurmaq istəyiriksə, magistr təhsili daha çox elmi fəaliyyətə yönəlməlidir”.

M.Məmmədli bəzi özəl ali təhsil müəssisələrində magistratura üzrə qəbul planlarının da yenidən qiymətləndirilməsinin vacibliyini vurğulayıb:

“Bəzi özəl ali təhsil müəssisələri magistratura üzrə geniş qəbul elan edirlər. Ancaq onların elmi potensialı, maddi-texniki bazası və akkreditasiya imkanları qəbul etdikləri tələbə sayına tam uyğun olmaya bilər. Bu məsələlər də aidiyyəti qurumlar tərəfindən ciddi şəkildə nəzərdən keçirilməlidir”.

Ekspert hesab edir ki, magistraturaya marağın ildən-ilə azalması ölkənin elmi potensialı üçün risk yaradır:

“Hər il minlərlə plan yerinin boş qalması gələcəkdə ölkənin elm və tədqiqat potensialına mənfi təsir göstərə bilər. Bu səbəbdən magistratura ilə bağlı mövcud vəziyyət geniş müzakirə olunmalı və qısa müddətdə konkret addımlar atılmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada