Modern.az

Emin Əmrullayev: Təmayül sinifləri 90 məktəbdə fəaliyyətə başlayır

Emin Əmrullayev: Təmayül sinifləri 90 məktəbdə fəaliyyətə başlayır

Təhsil

Bu gün, 08:54

Bu il Azərbaycanda 125 mindən çox şagird birinci sinfə qədəm qoyur.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir birinci sinfə başlayan şagirdləri, onların valideynlərini və müəllimləri Bilik Günü münasibətilə təbrik edib:

“İnanıram ki, bu tədris ili Azərbaycan məktəbi və ölkəmiz üçün faydalı, uğurlu olacaq. Qarşıda duran məqsədlərə doğru daha bir addım atacağıq”.

Emin Əmrullayev yeni tədris ilində təmayül siniflərinin əhatə dairəsinin genişləndirildiyini bildirib. Onun sözlərinə görə, əvvəl 14 məktəbdə tətbiq olunan model bu ildən 90 məktəbi əhatə edəcək.

“Bu model bir neçə baxımdan faydalıdır. Həm şagirdlərin ehtiyaclarını nəzərə alır, həm də valideynlərə müəyyən mənada dəstək olur. Bu siniflərdə şagirdlər öz istək və seçimlərinə uyğun təmayül üzrə dərs alaraq daha yaxşı nəticələr göstərə bilərlər”, – nazir qeyd edib.

Əmrullayev bildirib ki, layihənin nəticələrinin bu və növbəti tədris ili ərzində qiymətləndirilməsi nəzərdə tutulur. Nəticələr uğurlu olarsa, təmayül sinifləri daha geniş miqyasda tətbiq edilə bilər.

Nazir bir çox ölkədə şagirdlərin doqquzuncu sinfi bitirdikdən sonra tam orta təhsilin son iki ilini ixtisaslaşmış məktəblərdə davam etdirdiyini xatırladıb.

Emin Əmrullayev məktəbəhazırlıq qruplarının əhatə dairəsinə də toxunub. O bildirib ki, səfər etdiyi məktəbdə birinci sinfə başlayan uşaqların 90 faizdən çoxu məktəbəhazırlıq mərhələsindən keçib:

“Xüsusilə şəhərlərdə bu məsələnin demək olar ki, 100 faizə yaxın həll olunduğunu düşünürəm. Məktəbə gələn uşaqların böyük əksəriyyətinin ən azı bir il məktəbəhazırlıq keçməsi vacib göstəricidir. İnanıram ki, bu, uzunmüddətli dövrdə onların təhsil nəticələrinə müsbət təsir göstərəcək”.

Nazir əlavə edib ki, müəllimlərin sertifikatlaşdırılması, tədris məzmununun və təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı