Modern.az

Hakimlər deputatın zəngini məhkəmənin işinə müdaxilə sayırlar

Hakimlər deputatın zəngini məhkəmənin işinə müdaxilə sayırlar

Ölkə

Bu gün, 12:40

Bəzi hakimlər deputatların telefon zənglərinə cavab vermir, onlarla əlaqə saxlamaq cəhdini isə məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndirirlər.

Modern.az xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, deputatların belə müraciətlərinin məqsədi məhkəmələrin fəaliyyətinə müdaxilə etmək deyil, vətəndaşların şikayətlərinin mahiyyətini aydınlaşdırmaqdır.

“Biz hakimlərə müdaxilə etmirik. Yanımızda şikayətçi var, ona görə zəng edirik ki, bu məsələ necədir, aydınlaşdıraq. Bəzi hallarda isə məhkəmə hakimiyyətinin müstəqilliyi arqumentindən istifadə olunaraq şikayətlərin obyektiv araşdırılmasına maneə yarandığı təəssüratı formalaşır”, - deputat bildirib.

H.Babaoğlu məhkəmə aidiyyəti ilə bağlı da narazılıqların olduğunu diqqətə çatdırıb. O, bir rayonda baş vermiş hadisə ilə bağlı işə başqa rayonda hakim tərəfindən baxılması hallarının hansı əsaslarla baş verdiyinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb.

Deputatın sözlərinə görə, bəzi hallarda hakimlərin müəyyən işləri öz icraatına götürməsi ilə bağlı yaranan suallar vətəndaşlarda narazılığa səbəb olur. O, bu məsələnin də araşdırılmasını zəruri hesab etdiyini deyib.

Çıxışında Vəkillər Kollegiyasının fəaliyyətinə də toxunan parlamentari qurumun açıqladığı statistik göstəriciləri diqqətə çatdırıb.

H.Babaoğlu bildirib ki, 2024-cü ildə Vəkillər Kollegiyasına 1116 şikayət daxil olduğu halda, 2025-ci ildə bu rəqəm 1556-ya yüksəlib. Bununla yanaşı, şikayətlər üzrə görülən inzibati tədbirlərin sayı 2024-cü ildə 185 olduğu halda, 2025-ci ildə 162-yə düşüb.

Deputat şikayətlərin sayının artdığı bir vaxtda inzibati tədbirlərin azalmasının səbəblərinin araşdırılmalı olduğunu vurğulayıb.

“Şikayət çoxalır, inzibati qaydada bunun araşdırılması azalır. Burada tərs mütənasiblik var. Bu, keyfiyyət göstəricisidir. Nəyə görə belədir, mən bilmirəm”, - deyə o qeyd edib.

H.Babaoğlu ölkədə vəkillərin regionlar üzrə qeyri-bərabər bölgüsünü də problem kimi diqqətə çatdırıb. O bildirib ki, mövcud vəkillərin 81 faizi Bakı şəhərində fəaliyyət göstərir.

Deputatın fikrincə, hüquqi xidmətlərə əlçatanlığın təmin edilməsi üçün regionlarda vəkillərin sayının artırılması, onların fəaliyyətinin stimullaşdırılması vacibdir.

O, əhalinin bölgələr üzrə paylanması ilə yanaşı, hüquqi mübahisələrin və məhkəmə çəkişmələrinin coğrafi bölgüsünün də nəzərə alınmalı olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?