(hekayə)
Yaşı əllini adlamaq üzrəydi. Hələ yeniyetmə ikən ömrün bu çağında olanlara, xüsusilə, qohumlarına və qonşularına ürəyi acıyırdı. Fikirləşirdi ki, qocalıblar, o dünyaya bir şey qalmayıb. O vaxtkı qənaəti indi ona “gülünc” görünürdü. Nəzir iş yoldaşı Səxavətlə tez-tez bu barədə fikrini bölüşürdü.
- Yadındadır, bir vaxtlar indi bizim yaşda olanlara az qalırdı babamız kimi baxaq...
- Doğrudan da, qəribədir... Şəxsən mən indi özümü 25-30 yaşlarındakı kimi hiss edirəm, elə bir ciddi fərq görmürəm...
- Məncə, yəqinki, insan ömrünün ən gözəl çağlarını məhz bu dövrdə yaşayır. Heç kəsdən asılı deyilsən, səni nə valideynlərin danlayır, nə də dərslərini yaxşı hazırlamadığın üçün müəllimlərin qınayır və sair...
- Bircə, ölkəmizdə bu keçid dövrü tez başa çatsaydı, lap yaxşı olardı, yaşa özünçün...
- Bəlkə də, düz deyirsən, amma, məncə, bacarıqlı adam istənilən vəziyyətdən qədərincə baş çıxarır, xeyrini götürür, kefini sürür. Məsələn, mən, yaxşı yerdə işə düzəlmişəm, valideynlərimdən fərqli olaraq kifayət qədər varlıyam, hətta, sabahıma da təminat yaratmışam...
Söhbətin bu məqamı Səxavətə həmişə yaman təsir eləyirdi. Onun yaralı yerinə toxunurdular. Bu barədə çox düşünürdü. O, Nəzirdən qat-qat ağıllı və savadlı olsa da, amma var-dövlət sarıdan ona heç yaxın da düşə bilməzdi. Nəzir bu baxımdan “fitri istedad” idi. “Soyğunçuluq”da tayı-bərabəri yox idi. Şirin dilini işə salmaqla, min bir bəhanə ilə ilanı belə yuvasından çıxarıb, ondan da nəsə qoparmaq gücündəydi. İstənilən an yüksək vəzifə tutanların və iş adamlarının yanında bitməyin peşəkarıydı. İcra hakimiyyətində işləyir, özünü yazı-pozu adamı kimi də qələmə verirdi. Cəhənnəmə, heç olmasa yarımçıq papaqçı olaydı. Əksinə, yarımçıq palançı və cızmaqaraçıydı...
Yaşı əlliyə çatan əksər adamlar kimi əzrayılla görüşün yaxınlaşması xofu istər-istəməz Nəzirə də son vaxtlarda rahatlıq vermirdi. Fəndgirlikdə pərgar olduğundan və özünü çoxbilmiş hesab etdiyindən bu “görüşün” vaxtını maksimum uzatmaq üçün “çarə” axtarışındaydı. Hətta, ona xas “uzaqgörənliyi” sayəsində “cəhənnəm”dən yan ötüb “cənnət”ə düşməyin də yollarını arayır, hər iki “problem”i birdəfəyə həll etməyə çalışır, bunun üçün gecəli-gündüzlü baş sındırırdı. Əsas narahatlığı indiyəcən özünün xeyri naminə çoxlarının haqqına, çörəyinə bais olmağında, yeri gəldi, gəlmədi pislik etməyindəydi. Ən dəhşətlisi o idi ki, güclü xarakteri, əsl vətəndaşlıq mövqeyi, ziyalılığı ilə seçilən, amma onunla düz gəlməyənlərə imkan düşdükcə pislik etməkdən, hətta, gizli və ya açıq şəkildə siyasi şər atmaqdan belə çəkinməmişdi. Bir o qədər də böyük olmayan vəzifəsindən “məharətlə” sui-istifadə etmək və siyasi xal qazanmaq üçün qıy-qışqırıq, qaraçılıq salmaq onun ən sınanmış “silah”ıydı. Təbii ki, haqqını tapdaladığı insanlar da dəfələrlə ona yerini tanıtmış, ən azı ürəklərini boşaltmışdılar. “Yal adamı” ifadəsi onu lap yandırıb-yaxmışdı, bu heç cür yadından çıxmırdı. Onu düzgün yola səsləyənlərə yazığı gəlir, onları həyatı qədərincə, yəni olduğu kimi dərk etməməkdə günahlandırıdı. Fəndgirlikdə o qədər ustalaşmışdı ki, “məcburi” tərəfdarlar toplamaqda da işini biləndi. Təzə işə düzələnlərin və ya ciddi problemlərini həll etmək iqtidarına “yetişməyən” iş yoldaşlarının karına gəlir, bəzən qəlbən istəmədiyi adamları neytrallşadırmaq naminə onların da işinə yarayırdı. Bir sözlə, özünü əməlli-başlı siyasətçi sanır, saxta gülüşünü, şərti şirin sözlərini də əskiltmirdi.
Xeyli götür-qoydan sonra məhz axtardığını tapdı. “Hacı” olmaqla hər iki “problem”inə “çarə” qılacaqdı. Allah Evini – Kəbəni ziyarətə hazırlaşmaq qərarına gəldi. Həmişə olduğu kimi altdan-altdan tədbir gördü, ancaq son anda bir-iki nəfərə bu “sirr”ini açdı.
O, Məkkədə olanda əksər iş yoldaşları Nəzirin səfərindən xəbərsizdilər...
- Deyirlər, Nəzir artıq Səudiyyə Ərəbistanındadır?!.
- Xeyir ola, kiminlə gedib, orada da qoparmağa nəsə tapıb?!.
- Yox, bu dəfə məqsədi daha dərindi...
- Yaxşı da, ürəyimizi çəkmə, olmuya...
- Hə, gedib Şeytana daş atmağa!?.
- Doğrudan, bircə bu qalmışdı, “şeytan” da Şeytana daş atarmış?!.
Dəhlizdə gülüş sarkazm səviyyəsinə yüksəldi. Ən diqqəti çəkən isə o idi ki, Nəzirin “məcburi” tərəfdarları da uğunmaqdan özlərini saxlaya bilmirdilər. Əslində, heç kəsi qınamaq olmurdu. Bu, gün kimi aydın olan həqiqət qarşısında duruş gətirmək çətindi.
Ümrə mərasimi baslandı. Nəzir də ənənəvi libasını dəyişib, zəvvar paltarı - ehram geyindi. İnsan axınına qoşuldu. Həmişə olduğu kimi yaman təkəbbürlə yeriyirdi. Lovğalığı ilk baxışdan sezilirdi. Özünü sayılıb-seçilən kişilərdən hesab eləyirdi. Zarafat deyil, özünü əməlli-başlı tutmuşdu. İşə düzəldiyi ilk dövrlərdən fərqli olaraq indi daha əyilə-əyilə, boynunu qısa-qısa gəzmir, heç işdən çıxarılmaqdan da qorxmurdu. Niyə də, qorxsun?!. Özünə yaxşıca ev-eşik, qədərincə “biznes” qurmuşdu... Birdən ətrafdakıların tamam başqa cür yeridiklərinin mahiyyətinə vardı. Ani olaraq Yaradanın hüzurunda olduğunu xatırladı. Qeyri-ixtiyari ətrafdakılar kimi addımlamağa, yerişini onlarınkına oxşatmağa çalışdı. Bir təhər onları yamsıladı. Böyük çətinliklə olsa da, vərdiş etdiyi “şax-şux” yerişini azca sındıra bildi. Kəbənin ətrafında üçünü normal qaçmaq şərtilə yeddi dəfə dolaşdıqdan sonra iki rükət namazını qıldı. Zəmzəm suyundan doymaq bilmirdi, yaman tamahını salmışdı. Adəti üzrə burada da əməlli-başlı “yük”ünü tutdu. Yön aldı Səfa dağına sarı. Hamı kimi müvafiq ayinləri icra etməklə Səfa və Mərvə dağları arasında yeddi gediş etdi. Digər şərtləri də yerinə yetirib Ümrə ziyarətini tamamladı.
Qurban bayramı ərəfəsində Nəzir Həcc ziyarətinə başladı. Bir neçə gün ərzində Məkkədə əvvəlcədən hacılardan öyrəndiyi mərasim qaydalarını yerinə yetirdi. Nəhayət Şeytana daş atmaq məqamı yetişdi. Zəvvarlara baxıb, o da kiçik, orta və böyük çəmərələrin hər birinə atmaq üçün yeddi daş seçdi. Bir təhər özünə yer eləyib ilk daşı Şeytana sarı tolazlamaq istəyəndə əli bir anlığa göydə “qurudu”, gözünə bədheybət bir məxluq göründü. Ona yaman tərs-tərs baxırdı. Rəngi-rufu qaçsa da, özünü o yerə qoymamağa çalışdı. Nəzirə elə gəldi ki, onu qara basır. Tələmtələsik əlindəki digər daşları şeytana sarı atdı və yola düzəldi. O andan həmin bədheybət məxluq yaddaşında özünə yamanca möhkəm yer elədi, amma bunu heç kəsə bildirmədi.
Həcc ziyarətindən bir neçə gün sonra işə çıxdı. Onu “Hacı” deyə çağıranların səsindəki kinayəni aydınca sezsə də, buna o qədər də əhəmiyyət verməməyə çalışır, özünü sındırmırdı. O, həmişəki əminliyi ilə öz işindəydi.
Günlərin birində şirin yuxudaykən, o, artıq özünü sakini hesab etdiyi “cənnət”dəydi. İlahi bura lap möcüzəydi. Təbiətin gözəlliyi, əsrarəngliyi, təkrarolunmazlığı onu valeh etdi. Buranın sakinləri və təbiətinin nuru bir-birinə qarşımışdı. Nə qədər fikir verdisə də, yaxınlıqdan keçənlərdən ona tanış gələni olmadı. Diqqətini bir məqam çəkdi; kimsə mil-mil libas geyinmişdi. Maraq onu götürdü. Ona qəribə gələn kəsin çöhrəsinə diqqət yetirdi... Vay,vay, o nə qədər əcaib idi. Boy-buxunu, bədən quruluşu insanı lərzəyə salan bu qəribə məxluq gözləmədiyi halda onun qarşısını kəsdi. O, tükürpədici nəzərlərini düz Nəzirin gözlərinə zillədi. Nəzir onu dərhal tanıdı. Bu, o, idi... Kəbəni ziyarət edərkən daşa tutmaq istədiyi Şeytan!?? Qətiyyən şübhəsi yoxdu, yaddaşına yamanca həkk olmuşdu. Qorxu onu götürdü, az qala əsim-əsim əsəcəkdi. Elə bu məqamda təxminən 40-42 yaşda bir nəfər onların arasına girdi. Şeytan bu şəxsi görən kimi o andaca götürüldü. Nəzir mat-məəttəl qalmışdı. Şeytan gözdən itənəcən nəzərlərini ondan çəkmədi. Həmin bədheybət məxluq təkcə bircə dəfə qanrılıb mənalı-mənalı ona sarı baxdı... Nəziri “xilas edən” şəxs dilləndi:
- Sən təsadüfən, Düzənlidən deyilsən, Qara Həsənin nəvəsi?!.
- Elədir, amma mən səni tanıya bilmədim?
- Necə də, babana oxşayırsan, elə bil bir almanı tən bölmüsən. Mən 1937-ci ildən buranın sakiniyəm, hələ cavan vaxtlarımdan...
- Hə, deməli, repressiyanın qurbanı olmusan?!.
- Düz tapdın... Mən Düzənlidə ana dili müəllimi işləyirdim, millətçilikdə günahlandırdılar. Nə qədər çalışsalar da, sənin baban Həsəndən başqa kimsə üzümə durmadı. Elə bu da məni qəddarcasına güllələməyə kifayət etdi. Kəndin sakinlərindən çoxsu Qara Həsənin güdazına getdi. Qızıl-qırmızı üzə durmaq, siyasi şər atmaq onun üçün su içmək kimi asan bir peşə idi. Təki işi düz getsin, ona, onunkulara dəyməsinlər...
Nəzirin ürəyi daraldı. Şeytan hələ də yadından çıxmamışdı:
- Qəribədi, bəs, şeytanın burada - cənnətdə nə işi var?
- O, nurlu, gözəl xislətli insanların necə olduqlarını yaddaşında tam dəqiqiliyi ilə saxlamaq üçün arada bir bura gəlir ki, orada ağı-qaradan dəqiqliyi ilə seçsin, yanılmasın. Səhv salmadan zəif, yarımçıq adamların qəlblərinə yol tapa bilsin.
- Yenə də mənə təfərrüfatı ilə çatmadı. Şeytan adamları pisliyə sövq edir. Məhz buna görə insanlar Şeytanı daşa basırlar. Bəs, Tanrı Şeytanın cənnətə bu cür asanlıqla gediş-gəlişinə niyə izn verir axı?!.
- Hə, indi anladım sən özün bura necə düşmüsən... Son vaxtlarda ibrət dərsi vermək üçün dolayı yolla cənnətə düşmək istəyənlər bura “qonaq” gətirilir. Haqqı çatmadan “Hacılıq” pilləsinə yüksəlmək istəyənlər burada əyani surətdə Şeytanla qarşılaşdırılır... Çox təəssüf ki, indi heç cür haqqı çatmayanlar da Kəbəyə yaman çox ayaq açıblar. Yəqin sən də kimlərəsə pislik edib, bəlkə də, baban kimi siyasi şər atmaqdan da çəkinməmisən... Axır vaxtlarda məhz sənin kimi “çoxbilmişlər” əzrayıl xofundan qurtulmaq, hətta, “cənnət”ə “vəsiqə” almaq üçün müqəddəs Kəbəyə üz tuturlar... Qəribədi, ömrü boyu şeytanlıqla məşğul olanlar da Baş Şeytana daş yağdırmaq iddiasına düşürlər. Çox təəssüf, qabaqlar belə hallara az-az rast gələrdin.
- Yox, düz demirsən, mən, Allahın adını həmişə uca tutmuşam, nəzir də vermişəm, orucumdan da qalmamışam, qurban da kəsmişəm. Bir də axı, Şeytana daş atmaq nə vaxtdan günah sayılır?!.
- Ancaq dar şəxsi məqsədlərin üçün Tanrıya üz tutmaq yetərli deyil. Onu da yadında saxla ki, Allahın yaratdıqlarında təsadüfilik yoxdur. Axı, Şeytan olmasaydı, insanlar yaxşı ilə pisi necə ayırardılar?!. Qəlbini şeytana yuva edənlər olmasaydı, insanların böyük bir qismi nədən ibrət götürərdi, paklıqlarını ömürlərinin axırına qədər necə qoruyub saxlayardılar?!. Allah cəmiyyəti inkubator kimi yaratmayıb axı... Əgər hər yerindən duran Şeytana daş atacaqsa, onda dünyanın mizan tərəzisi pozulmazmı, həyatın mənası itməzmi?!. Şeytana ancaq ömrü boyu qəlbini ona yasaq etməyi bacaranlar daş atmalıdır!!! Bizi yaradan o tək Uca Varlığın fəlsəfəsinin mahiyyəti də elə bununla bağlıdır!!!
Nəzir bu daş məntiqin qarşısında aciz qaldı. Mərhum kəndçisi davam elədi:
- İndi səni böyük bir sınaq gözləyir... Tanrı dərgahını heç vaxt və heç kəsin üzünə birdəfəlik bağlamır. Sən gərək, heç olmasa bundan sonra ömrünün axırınadək bir daha günaha batmayasan. Bilirəm, vərdişdən əl çəkmək asan məsələ deyil, amma başqa yol da yoxdur. Sən özün istər-istəməz bu yolu seçmisən. Əks halda, Şeytan səndən əl çəkəsi deyil!!!
Söhbətləri bu məqama yetişəndə gözü qeyri-ixtiyari Şeytanın yenidən onlara sarı yön aldığına sataşdı... O andaca yuxudan ayıldı. Tər-su içindəydi. “Cənnət”i tam xatırlaya bilməsə də, ona deyilənlər sözbəsöz yaddaşına hopmuşdu... Sadəcə, bu yuxunu görməyinə peşiman olub-olmadığını hələ də dəqiqləşdirə bilmirdi!?.