
2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Elçin Musaoğlunun dövlət sifarişi ilə çəkdiyi “Nabat” bədii filmi sentyabrın 19-25-də Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya Beynəlxalq Film Festivalında iştirak etmiş, “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktrisa” (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb.
Modern.az Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Qarabağ müharibəsinin dramatik hadisələrindən birini özündə əks etdirən “Nabat” filmi bu günədək onlarla kinofestivalda iştirak edib və maraqla qarşılanıb. Film 71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında da nümayiş olunub. Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq Kino Festivalında “Beynəlxalq tənqidçilər mükafatı” və “Ekumenik jürinin mükafatı”na, Tripoli Beynəlxalq Film Festivalında “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb.
Elmin NURİ