Modern.az

Rusiyanın enerji infrastrukturu məhv edilir - Daha bir neft zavodu vuruldu

Rusiyanın enerji infrastrukturu məhv edilir - Daha bir neft zavodu vuruldu

Dünya

13 Mart 2024, 11:07

Rusiyanın Ryazan vilayətində yerləşən neft zavoduna pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilib.

Modern.az-ın məlumatına görə, bu barədə vilayətin qubernatoru Pavel Malkov bildirib.

O qeyd edib ki, zərbə nəticəsində yanğın başlayıb: "İlkin məlumata görə, ölənlər var".

Rusiyanın dövlətə məxsus TASS xəbər agentliyi isə bildirib ki, Ryazanda neft emalı zavodunda baş verən yanğından sonra iki nəfər orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yerli mətbuat hücumun Ukrayna tərəfindən həyata keçirildiyini bildirib. Kiyevdən hücumla bağlı açıqlama verilməyib.

Vurulan neft müəssisəsi Rusiyanın "Rosneft" dövlət şirkətinə məxsusdur. Müəssisə ildə 17 milyon ton neft emal etmə gücünə malikdir.

Qeyd edək ki, Ukrayna son aylarda Rusiyanın enerji infrastrukturuna məqsədli zərbələr endirir. Ötən gün Nijniy Novqorod vilayətinin Kstovo şəhərində yerləşən "Lukoyl-Nijeqorodnefteorqsintez" müəssisəsi və Oryol vilayətindəki neft bazası dronlarla vurulub. "Lukoyl"a məxsus müəssisə Rusiyanın ən iri neftayırma zavodlarından biridir və ildə 15.8 milyon ton neft emal edir (ümumi emal edilən xam neftin 5.5%-i), azı 50 adda məhsul (avtomobil və aviasiya benzini, dizel və s.) istehsal edir. 

Sənaye mənbələri "Reuters"ə bildiriblər ki, müəssisədə yerləşən əsas xam distillə qurğusu (AVT-6) hücum zamanı zədələnib, bu da neft emalı zavodunun istehsalının ən azı yarısının dayandırılması deməkdir. 

Rusiyanın neft obyektlərinin vurulması ölkədə benzin qiymətlərinə də təsir edib. Rusiya martın 1-dən benzin ixracına altı aylıq qadağa qoyub.

Qərb mətbuatı bildirir ki, Ukrayna Rusiyanın metallurgiya sənayesini də hədəf almağa başlayıb. Bir neçə gün əvvəl "Severstal" şirkətinə məxsus Çerepovets Metallurgiya Kombinatında partlayış törədilib, Jeleznoqorsk şəhərində yerləşən Variçev adına dağ-mədən filizsaflaşdırma kombinatına və Novolipetsk Metallurgiya Kombinatına isə PUA zərbələri endirilib.

Rusiyanın Ukraynada mülki obyektlərə zərbələri də davam edir. Ukraynanın şərqindəki Sumi və Donetsk vilayətlərində yerləşən yaşayış binasına PUA və raketlərlə zərbələr endirilib. Donetsk vilayətinin Myrnohrad şəhərinə hücum 2 nəfərin ölümü və 5 nəfərin yaralanması ilə nəticələnib.

Sumı vilayət hərbi idarəsi Rusiyaya məxsus pilotsuz təyyarənin bir gecədə yaşayış binasını vurması nəticəsində itkilərin olduğunu bildirib. Yerli administrasiya beşmərtəbəli yaşayış binasının 30 mənzilinin zədələndiyini, onlardan 15-nin əsaslı şəkildə dağıldığını bildirib. Rəsmilərin bildirdiyinə görə, dağıntılar altından 10 nəfər xilas edilib, onlardan səkkizi yaralanıb.

Dünən axşam saatlarında usə Rusiya Ukraynanın mərkəzində yerləşən Krivoy Roq şəhərində iki yaşayış binasına hücum edib, nəticədə 4 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakı və İrəvan razılaşdı: 1976-cı il xəritəsi təsdiqləndi