Son günlər Azərbaycanda kəskin isti hava müşahidə edilir. Havanın temperaturu, demək olar ki, hər gün 40 dərəcəni ötür.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, avqust ayının ortalarınadək ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir.
Havaların belə isti olması insanlara da təsirsiz ötüşmür. Yüksək temperaturlu hava şəraiti xüsusilə meteohəssas insanlar üçün təhlükəli, riskli ola bilər.
İnsanlar isti havanın təsirindən qorunmaq üçün nələr etməlidir?
Ekoloq Cavidan Əliyev Modern.az-a açıqlamasında kəskin isti hava şəraitinin daha bir həftə davam edəcəyini bildirib.
“Bu tərzdə uzun müddətli isti dalğaya səbəb dayanıqlı blok edən antitsiklonun olmasıdır. Troposferin 5 km hündürlüklərinə kimi isə cənub-qərbdən istilik adveksiyası baş verib. Bu kimi hallar bizdə müşahidə olunub. Məsələn 2021-ci ilin avqust ayında ümumiyyətlə blok edən antitsiklon yayda uzunmüddətli qızmar havalara qışda isə uzunmüddətli soyuq və şaxtalara səbəb olur.
Anomal isti hava şəraitinin ən azı daha 1 həftə davam edəcəyi, yaxın günlər ərzində isə ölkə üzərində sərbəst antitsiklonun formalaşacağı ilə bağlı istiliyin daha da artacağı, temperaturun Bakıda 41-43 dərəcəyədək yüksələcəyi, ölkənin bəzi bölgələrində 44 dərəcə isti müşahidə olunacağı gözlənilir”.

Ekoloq həmçinin, isti havalara qarşı nələrə diqqət etməli olduğumuza toxunub:
“Belə anomal isti şəraitdə ultrabənövşəyi şüaların indeksi 10-dan 9 olacağı gözlənilir. Bu çox təhlükəli göstəricidir. Bu səbəbdən açıq havada olmaq qəti tövsiyə olunmur. Əgər çöldəsinizsə, öz təhlükəsizliyiniz üçün kölgədə olmağa çalışın. Yanıq xəsarəti almamaq üçün bədənin açıq sahələrini örtən paltar geyinin. Ultrabənövşəyi şüalardan qoruyan eynəklərdən istifadə edin. Çünki buludlu hava şəratində belə şüalar yayılıb gözə ziyan vurma qabiliyyətinə malik olur. Belə hava şəraitini nəzərə alsaq, vəziyyətin nə qədər təhlükəli olduğunu anlaya bilərik. Evdən çıxmazdan 15-30 dəqiqə qabaq günəşdən qoruyan kremlərdən istifadə edin. Əgər çimərlikdə gündə 2 saatdan artıq qalırsınızsa yenidən sürtün. Başınıza kifayət qədər kölgə sala biləcək papaqlardan, şlyapalardan istifadə edin”.

Həkim, professor Adil Qeybulla isə isti havaların sağlamlığımıza təsir etməməsi üçün bir sıra tövsiyələrə əməl etməli olduğumuzu bildirir.
“Uzun müddət istidə qalmamaq lazımdır. Bu zaman bədəndə istivurma hadisəsi baş verə bilər. Günəş şüaları altında isə günvurma baş verə bilər. Ona görə də, mümkün qədər sərin yerdə olamağa çalışmaq lazımdır. Amma sərin yerdə olanda ya kondisonerdən istifadə edəndə yaxşı olar ki, fasilələrlə işlədəsiz. Bu, bədənin daim, davamlı soyumasına imkan vermir. İsti havalarda su buxarlanması artır. Bu səbəbdən istər nəfəs yolları ilə, istər dəri səthi ilə su qəbuluna diqqət etmək lazımıdır ki, bioloji, biokimyəvi proseslər normal olsun. Əks halda qan qatılaşa bilər. Orqanizmdə dəyişikliklər baş verə bilər. Yaxşı olar ki, çox yağlı qidalar, kalorili qidaların qəbulunu məhdudlaşdırılsın. Çünki fəaliyyət məhdudluğu yarandığı üçün orqanizmin enerjiyə tələbatı aşağı düşür. Çox qidalar özləri də orqanizmə yükdür. O baxımdan daha yüngül, duru qidalar, meyvə-tərəvəzə üstünlük vermək lazımdır”.

Bəs isti havada necə geyinməliyik?
Ekspertlər deyirlər ki, isti havada düzgün paltar geyinmək olduqca vacibdir, bəzən paltarın materialı və rənginin düzgün seçilməsi kondisionerdən daha az istifadə ilə nəticələnir. Bu, uzunmüddətli perspektivdə enerjiyə qənaət etmək baxımından labüd hesab edilir.
Əksər insanlar yayda ağ paltar geyinməyə üstünlük verirlər. Ağ rəng günəş şüalarını bədəndən əks etdirir, qara rəng isə şüaları udur. Ancaq geyindiyimiz paltarların qalınlığı və materialı da rəngi qədər önəmlidir. BBC-də dərc edilən məqalədə deyilir ki, istilik təkcə günəşdən deyil, bədənimizdən də gəlir. Ona görə isti havada sadəcə ağ rəngdə paltar geyinmək kifayət deyil.
Tədqiqatçılar dar geyimlərdə ağ rəngə üstünlük verilməli olduğunu bildirir. Boş paltarda isə qara rəngdən istifadəyə üstünlük verilməlidir. Qara rəng paltar parça ilə dəri arasındakı boşluğu qızdıraraq yuxarıya doğru hava axını yaradır və bu, bədəni sərinləşdirir.
Geyindiyimiz parçalar da bədənimizin isti havalara qarşı mübarizəsində mühüm rol oynayır. Pambıq və ipək kimi yüngül parçalar digərlərindən daha sərin saxlayır. İdman geyimlərində istifadə edilən parçalar da bədənə yapışmadığı üçün bədəni sərin saxlamağa kömək edə bilər.
Jalə Rövşən