İlqar Altay
Bəzi, azdan çoxdan tanınmış ictimai-siyasi insanlar var. Bəziləri deputat olub, təkrarı alınmaylb. Bəziləri deputat olmaq istəyib, alınmayıb. Bəziləri iqtidardan vəzifə və ya təzminat, bəziləri müxalifətdən mövqe, bəziləri isə, ürəyindən keçən dəstəyi xalqdan ala bilməyib. Və ümumiyyətlə, həyatdan istədiyini ala bilməyib. Beləliklə də, küskün durumdadırlar. Və hər şeydən, hakimiyyətdən, müxalifətdən, hələ xalqın, millətin özündən də.
İndi, son zamanlar daxillərində yığılmış küskünlük və oradan yaranan hirs, hikkəni tökmək üçün əlverişli şərait yaranıb. Bir tərəfdən, qlobal böhran və hökumətin də səhvləri üzündən baş vermiş manat devalvasiyası. Və bu səbəbdən də xeyli vətəndaşımızda yaranmış çətinlik və narazılıqlar. Digər tərəfdən, həmin narazı insan çoxlugunu heç bir xərcsiz, mitinqsiz, piketsiz və yığıncaqsız sosial setlərdə özünü onlara "işıq ucu" kimi təqdim etməklə ümidləndirib, öz ətrafına toplamaq imkanı.
Əsasən, iqtidarın və hökumətin səhvlərini, korrupsiyanı, rüşvəti, iqtisadi monopoliyanı, məmur haqsızlıqlarını qabardırlar. Bəzən də cürətlənib hakimiyyət rəhbərliyində olanları tənqid edirlər. Sonra oturub fikirləşirlər ki, deyəsən ağını çıxartdılar. Və tez, balans üçün başlayırlar müxalifəti hər şeyə səbəb kimi ortaya atıb söyməyə. Hələ arada bir, çətin durumla bağlı xalqın və millətin özünü belə, günahlandırmağı unutmurlar: səviyyə, birlik, qətiyyət, mübarizə, mərdlik və s. keyfiyyətlərinin yoxlugu mənaslnda.
Fikirləri və yazdıqlarında da heç bir yenilik, ideya, təşəbbüs yoxdur. Hər gün KİV-lərin yazdığı, dediyi, hamının görüb bildiyi problemləri müəyyən tündlük və qərəz qatmaqla sosial setlərə "dürtüşdürürlər". Guya indi, bunlar xalqın sözünü deyirlər. Təbii ki, çətinliklərlə, haqsızlıqlarla üzləşmiş insanlar həmin, millətə dərs keçən "qəhrəman" ətrafına yığışır, onun yazdığı statusları "like" edir, "kommentlər" yazırlar.
Bəzi sadə insanlarımız üçün bu xadimlər artıq, hətta bütləşiblər, və hətta, öndərləşiblər. Yazılan statusun mahiyyət və mənasına varmadan komment yazırlar: "Ay filan müəllim yaxud da bəy, nə yaxşı ki, varsınız", "Ay allah sizi başımızın üstünnən əskik eləməsin" və s. Səhər duran kimi, qaçıb komputeri açırlar, həmin ictimai xadimin statusunu görüb sakitləşirlər. "Öndər" isə, nə yazır yazsın, əyri-düz, təki yazsın, səhərin birində kəskin dönüş edib onların ürəklərincə yazmazsa belə. Sanki, bu statuslar sakitləşdirici, təsəlliverici bir dərmana çevrilib.
Zaman keçir, ömür keçir, bu sosial şəbəkəətrafı yığıncaqlardan bir irəliləyiş, nə bir yenilik və nəticə hasil olmur. Gündəlik problemlər isə qalır, yığılır, artır. Şəbəkəçi virtual liderin ətrafına yığışanlar başlayırlar soruşmağa: "Ay, filan müəllim yaxud da bəy, yaxşı, ölkənin problemlərini bildik, başa düşdük, bəs vəziyyətdən çıxış yolu nədir? Təklifiniz nədir, nə edək, nə çarə qılaq? Bəlkə bir partiya yaradasınız, yığışaq ətrafınıza? Bəlkə bir ictimai birlik, bir təşkilat quraq? Bəlkə bir mitinq, bir piket...
Cavab budur: "Mən filan vaxtı çıxışımda demişdim, yazmışdım, göstərmişdim axı, ölkədə bu işlər belə, o işlər elə olmalıdı, iqtidar bunu, müxalifət onu, xalq o birisini etməlidi. Gördünüzmü, mən yazdım və hökumət biletlərin qiymətini endirdi, dəniz kənarı hasarları sökdü" və s. Təsəvvür edin, ABŞ Konqresinin sanksiyalarından cəkinməyib siyasi məhbus hesab edilənləri azad etməyən hakimiyyət bu virtual qəhrəmandan çəkinib xalq üçün addımlar atıb... Bir də ki, bu çətinlikdə olan insanlar bu saat bilet alıb xaricə getmək və ya dənizdə çimmək hayindadırlarmı?
Real və konkret cavab isə, yoxdur. Ola da bilməz. Çünki, hamının bilib, görüb rastlaşdığı problemləri təkrar-təkrar ortaya atıb, hər gün insanların yaralarını qaşıyıb və həm də heç bir real təşəbbüs göstərməyib, əməli addım atmadan, minlərlə çətinlik yaşayan vətəndaşımızda üzüntü yaratmağın arxasında bir məqsəd durur: yaranmış fürsətdən sui-istifadə etmək, iqtidarı dalamaqla hər hansı formada divident, olmasa müxalifətdə samballı mövqe, o da olmasa ən azı xalq içində "sözünü deyən qəhrəman" statusu əldə etmək.
Mən bu dəfə, bu yazımda konkret ad çəkib ünvan göstərmirəm. Ad və ünvan sahibləri yaxşı bilir ki, çəkə də bilərəm. Ancaq, hörmətli cənablar, müəllimlər, bəylər. Sizin bu böhranlı şəraitdə bu cür qeyri-səmimi, xalqın sözünü demək adı ilə öz ambisiyalarınızı həyata keçirmək cəhdlərinizi inanın ki, əbəsdir. Və heç bir nəticəsi yoxdur və olmayacaq. Bu camaatı sosial şəbəkələrdə başına yığıb, hər gün yaralarına duz səpməklə ölkədə hansısa xaos, ictimai təlatūm yaratmaq, hansısa ara qarışıqlıqdan bəhrələnmək baş tutmayacaq. Çünki bu xalqın mahiyyət və xarakterinə yaddır bu hal. Şeyx Nəsrullah dövrū də, xeyli arxada qalıb.
Xaosu siz yalnız ümid yaradıb inandıra bildiyiniz sadə insanların beyinində yarada biləcəksiniz. Yəni, onsuz da maddi, mənəvi çətinlikdə və ehtiyacda olan bəzi həmvətənlərimizin şüurlarını zədələməklə. Insafdandır bu? Ayıbdır, məsuliyyətli olmaq və əl götürmək lazımdı bu işlərdən. Ölkəmizin indiki çətin, sıxıntıllı, daxili problemli, xarici təzyiqli dövründə şəxsi ambisiyalarınızı yeritmək üçün fürsətçillik etmək olmaz!
Gəlin, ondansa, bütün imkan və istedadımızı ortaya qoyub vətənin, dövlətin, xalqın bu günkü müvəqqəti böhranlı çətinliyi şərəflə adlaması üçün həqiqi həmrəylik, əməli, konstruktiv yollar göstərək. Onsuz da xalq, millət əlahəzrət zamanın köməyi ilə əvvəl-axır kimin hansı ürək və məqsədlə xalq üçün nə etdiyini, hansı xeyirxah ya, ziyanlı mövqedə olduğunu aydın bilir, biləcək.
Qeyd. Qaldı ki, bəzi ictimai insanların, həyatda istədiklərinə nail ola, özünü təsdiq edə və arzu etdikləri ictimai, maddi, mənəvi və s. mövqeləri əldə edə bilməyib, həyatdan ya nədən və ya kimdənsə narazı qalmasına. Açıq deyim, mənim özümün də həyatımda narazı qaldığım tərəflər az deyil. Amma özüm ücün sadə bir teoriya düşünmüşəm ki, həmişə ən çətin və narazı vaxtimda mənə təskinlik verir:
"İnsan həyatdan o zaman narazı olur ki, həyata az verir, çox istəyir. Ona isə elə gəlir ki, çox edib, az alır. Bu böyük dünya, möhtəşəm yer-göy müəyyən, müvəqqəti haqsızlıqları kənara qoysaq, güclü bir tarazlıq və ədalət üstündə dayanır. Yoxsa çoxdan öz dayanıqlıq və müvazinətini itirib aşmışdı bir böyrü üstə. Ona görə, hər bir insan, ya məxluq əvvəl-axır, bu dünya və həyat üçün nə edibsə, onun da qarşılığını alır. Nə bir damcı artıq, nə bir qram əskik".
Yəni, sakitləşib, ilk növbədə səhvləri özümüzdə axtarmalıyıq ki, görəsən, nəyi, harada, nə vaxt düz etməmişik. Belə bir özünü tənqid, bizi həyatdan olan boşuna tələb və narazılıqdan, daxili hirs-hikkədən və bu yanlış hikkə-hissiyatın da yaratdığı fəsadlardan qoruyar.