Təhsil nazirinin sabiq müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifələrdən azad edilsələr də, Təhsil Nazirliyinin kollegiya üzvlüyündən hələ çıxarılmayıblar. Təhsil Nazirliyindən Modern.az saytına verilən açıqlamada bunun səbəbini onunla izah ediblər ki, sabiq nazir müavinlərinin kollegiya üzvlüyündən çıxarılması Nazirlər Kabinetinin qərarı ilə həll olunacaq.
Nazirlikdən o da bildirilib ki, vəzifələrini itirən sabiq nazir müavinlərinin kollegiya üzvləri kimi qalması müvəqqəti haldır və tezliklə Nazirlər Kabineti bununla bağlı qərar verəcək, yəni Təhsil Nazirliyinin kollegiyası tərkibi dəyişdirilməklə yenidən təsdiqlənəcək.
Nazirlər Kabinetinin bu qərarı isə nazirin yeni müavinlərinin təyinatından sonra veriləcək. Bildirilir ki, qısa zamanda nazir Misir Mərdanovun daha iki yeni müavininin təyinatı gerçəkləşəcək.
Qeyd edək ki, Təhsil Nazirliyinin 13 kollegiya üzvü var. Bunlar kollegiya sədri, nazir Misir Mərdanov, Naxçıvan MR təhsil naziri Piri Nağıyev, sabiq nazir müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov, İradə Hüseynova, Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Pedaqojı Universitetin rektoru Yusif Məmmədov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevadır.
Ölkə başçısının sərəncamı ilə hələlik təhsil nazinin bir yeni müavini təyin edilib, o da Qulu Novruzovdur.
Modern.az