Modern.az

Papa niyə ermənipərəstdir?

Papa niyə ermənipərəstdir?

Ölkə

30 May 2013, 09:15

Qonşum Səfiqulu kişi çox məlumatlı adamdı. Köhnə hökumətin dövründə olduqca fəal, üzdə olan şəxs olub. Oxumadığı kitab, qəzet qalmayıb. Həm də o zamanlar bacarığına, çalışqanlığına görə o illərdə bir neçə dəfə rayon sovetinə, hətta bir dəfə də şəhər sovetinə deputat seçilib. Aldığı medallar, təltiflər də saya gəlmir. Dediyinə görə bu lənətullah ermənilərlə olmasaymış daha çox irəli gedəcəkmiş. Onun istadadını, bacarığını görən ermənilər bir neçə dəfə ona tələ qurub, karyerasına problem yaradıblar. Hələ işlədiyi idarələri demirəm. Komcomol işindən başlayaraq partiya orqanlarının ən məsul vəzifələrində çalışıb. Təzə hökumət gələndə kişininki bir qədər gətirmədi. Naşı idarəçilər onun peşəkarlığını, səriştəsini nəzərə almayıb təqaüdə göndərsələr də, işsiz də qalmadı. Uşaqlıqdan mütaliə azarkeşi olduğundan köhnə kitabxanaların birində işə düzəlib həyatını davam etdirdi.

Neçə illərdir ki, bütün qohum-qonşu ən müşkül məsələlərin həllini, ən çətin sualların cavabını Səfiqulu kişidən öyrənməyə adətkar olmuşuq. Atası rəhmətlik Marksı, Engelsi  əzbər bilir. Hələ hər söhbətinin başında bolşeviklərin dahi rəhbəri Lenindən gətirdiyi müdrik sitatları demirəm. Düzdür, köhnə hökumətin yıxılması bir müddət kişini əməllicə depressiyaya saldı, ancaq iradəli adam olduğundan özündə güc taparaq vəziyyətdən çıxa bildi.

Hər şənbə-bazar qonşular həyətdəki qoca tut ağacının altında köhnə taxta-tuxtadan hazırladığımız stullarda oturub domino oynaya-oynaya dünyanın gəldi-gedərindən söhbət açıb günümüzü keçiririk. Həm də həftə ərzində dünyada baş verən hadisələrdən söhbət açıb anlamadığımız məqamları Səfiqulu kişidən öyrənib dünyagörüşümüzü artırırıq. Bu bazar da domino oynaya-oynaya şirin söhbət eləyirdik ki, qonşu Çənə Şəmil Səfiqulu kişiyə nataraz bir sual ünvanladı: “Ay Səfiqulu məllim, dünən tilvizorda eşitdim ki, bu xristianların təzə gələn Papası da ermənipərəst çıxıf. Hələ deyirlər ki, Papa olmamışdan qavaq ermənilərlə bağlı bir kitaf da yazıfmış. Kitafda da türklərin qarasına nə qalmıyıf ki yazmasın. Düzü bu işə mat qalmışam. Bə deyirlər Papa Allah adamıdı. Allah adamı da heç papalığın nübarın eləməmiş Allahsız söz danışarmı? ”

Düzü Çənə Şəmilin bu sualı hamımızın ürəyindən xəbər verdiyindən səsimizi içimizə salıb diqqətlə Səfiqulu müəllimin verəcəyi cavabı gözlədik.

Bir anlıq dünya görmüş ağsaqqalın qaşları düyünlənib dərin bir fikrə getdi. Sonra başını qaldırıb adətinə uyğun olaraq aramla sözə başladı: “A bala, bunun üçün tarixi yaxşı bilmək lazımdı. Sənin yəqin ki, Roma papalarıyla bağlı məlumatın çox azdır. Əgər papaların tarixini yaxşı bilsəydin, heç bu sualı verməyinə də ehtiyac qalmazdı. Məsləhət görürəm ki, arada tarix kitablarını oxuyasan. Oxusan görərsən ki, bu papaların ta qədimdən müsəlmanlarla, xüsusilə də türklərlə araları olmayıb. Yəqin ki, tarixdən “Səlib yürüşləri” haqqında eşitmisən. Elə o “Səlib yürüşləri”nin fətva verənləri elə indiki papaların sələfləri olub. Yüz illər öncə məhz Roma papalarının xeyir-duaları ilə Avropa dövlətlərinin xaçlı orduları müsəlmanları Yer üzündən silmək üçün dəfələrlə Şərqə soxulublar. Hər dəfə də yüz minlərlə xrisrianın və müsəlmanın qanının tökülməsinə bais olan papaların nə şeytani ehtirası sönüb, nə də türklərə-müsəlmanlara nifrətləri səngiyib. Məqam düşən kimi yenə öz pisliklərindən qalmayıblar. Dünya dəyişdiyindən indi türklərə, müsəlmanlara qarşı “Səlib yürüşləri” də öz formsını dəyişib. Ancaq həmin “Səlib yürüşləri” yenə də davam edir. Görmürsünüzmü dünyanın harasında qan axıdılırsa, o müsəlman qanıdır. Min illərdir ki, papalar Allahın adından danışa-danışa o qədər Allahsız iş görüblər ki, bunları yazmaq mümkün olsaydı Vatikanın kitabxanasından da zəngin bir kitabxana yaranardı.  İndi başa düşdünmü Roma papası niyə ermənipərəstdir?”

Səfiqulu kişinin yanğılı çıxışı sanki məni də qəflət yuxusundan ayıltdı. Öz-özümə düşünürdüm ki, İlahi, biz biçarələr əməlli-başlı qəflət yuxusundaymışıq. Nə yaxşı ki Səfiqulu müəllim kimi savadlı insanlarımız varmış. Yoxsa hələ də Papanın niyə ermənipərəst olduğunu anlamayacaqdım.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı