Modern.az

Ziyalılıq testi: sağlığında insanlar qiymətli olurmuş…

Ziyalılıq testi: sağlığında insanlar qiymətli olurmuş…

Ölkə

18 İyun 2010, 14:34

Bəşəriyyətin saysız-hesabsız sindromlar qarşısında ağır sınaqlarla üzləşdiyi bir vaxtda yaralı Azərbaycanımız da özünəməxsus imtahanlar burulğanında ölüm-dirim mücadiləsi aparır. Bu yolda bir toplum olaraq nə itirdiklərimiz saymaqla qurtarandı, nə qazandıqlarımız. Ancaq bir şey var ki, həmişə onun kasadlığının möhtaclığını çəkmişik. Yəqin, mənimlə razılaşan tapılar ki, qədirbilənlik şəxsi keyfiyyətlərə və insan oğlunun yaxşı-pis əməllərinə vaxtında, yerində layiqli qiymət verməkdir. Şair demişkən, biz nə insanlara sağlığında qiymət vermişik, nə xidmətləri vaxtında qiymətləndirmişik, nə də qəbahətləri qınamışıq, ya tənbəllikdən, ya qərəzdən. Bir sözlə, riyakarlıq, üzgörənlik mərəzindən qurtulmaqda çətinlik çəkmişik hər zaman.

Dəyərli oxucu, mən də illər uzunu müxtəlif səviyyələrdə eninə-boyuna qamçılansa da, hələ də ümummilli çatışmazlıqlarımız qrafasında özünə yer tutmuş «əmələ vaxtında və layiqincə qiymət verə bilməmək» sindromundan yazmaq zorunda qaldım... Niyəsini bilmək sizin haqqınızdır təbii ki, əgər canınıza cəfa basıb yazının ardını oxumağa səbriniz çatsa…

Hər şeydən öncə istərdim ki, bu yazını oxuyan hər kəs bir anlıq özüylə baş-başa qalıb təmamən səmimi şəkildə gözəlliyini doyunca vəsf edə bilmədiyimiz bəxtiqara Qarabağımızın, ətraf 7 rayonun erməni tapdağından azad edilməsində hansı xidmətlər göstərdiyini bir daha saf-çürük etsin. Sanki görürəm, çoxlarınızı xəcalət təri basdı, ancaq gec deyil. Heç olmasa bü gün nəticə çıxarıldısa, demək, hələ hər şey itirilməyib, hələ çox şeyimizi ermənilər, onların qərbli havadarları əlimizdən ala, viran qoya bilməyiblər.

İnsaf naminə qeyd etməyə dəyər ki, içərimizdə elə insanlar da var ki, onlar ictimai mənşəyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq vətəndaşlıq borcunu, dövləti və milləti qarşısındakı öhdəliklərini yorulmadan, usanmadan, hətta bəzən həyatını, taleyini, ailəsini, sağlamlığını sonsuz riskə ataraq artıqlamasıyla yerinə yetirib bu missiyanı, bu gün də inamla yerinə yetirməkdədir. Şükürlər ki, belə bəxtəvərlər də az deyil aramızda. Tanınmış vəkil Aslan İsmayılov da adını böyük hərflərlə bu bəxtəvərlərin sırasına əbədi həkk etdirə bilib. Onun zəngin bioqrafiyasını xırdalamaqdan uzağam. Sadəcə, qarayaramıza çevrilmiş Qarabağımızın nə zamansa halal sahiblərinə qaytarılmasına töhfə verə biləcək «Sumqayıt, SSRİ-nin süqutunun başlanğıcı» kitabını oxumaq kifayətdir ki, səlahiyyətlilərimizi, ziyalılarımızı qəflət yuxusundan oyatmaqçün müəllifin nələrdən keçdiyinə bir daha əmin olaq.

Aslan müəllimin nə pafoslu təqdimata, nə də çeynənmiş mədhiyyələrə ehtiyacı yoxdur. Ancaq insanlara sağlığında qiymət verilməməsinin ötənlərdə acısını yaşadığımızdan elə isti-isti vətənpərvərlik nümunəsinə mövqe bildirməyə ehtiyac var.

Adıçəkilən kitabın təqdimatından ötən müddət ərzində cəmiyyətdəki ayrı-ayrı təbəqələrin arasındakı qızğın müzakirələri, ölkə rəhbərliyinin ən üst qatlarındakı mötəbər şəxslərdən tutmuş sadə peşə sahiblərinədək, çoxsaylı insanların mövzuya diqqəti ondan xəbər verir ki, biz hələ ölməmişik, varıq və var olacağıq.

Bəli, biz şouların əsiri olsaq da, yeri gələndə toparlanıb sözümüzü deməyə, düşüncələrimizi ifadə etməyə, bir millət olaraq özümüzü dostlarımıza da, rəqiblərimizə də, düşmənlərimizə də tanıtdırmağı bacarırıq.

Millət vəkilləri Rəbiyyət Aslanovaya, Gültəkin Hacıbəyliyə, Qənirə Paşayevaya, Səməd Seyidova ayrıca təşəkkürlər. Onlar gerçəkdən siyasi mənsubiyyətlərini göz önünə almadan, yuxarıların, aşağıların, ən nəhayət, qaşınmayan yerdən qan çıxaran ağzıgöyçəklərin hansısa dedi-qoduları tirajlayacaqlarına zərrə qədər də əhəmiyyət vermədən həmin kitabın təqdimatına qatılmaqla milli kimliyimizə, dövlətçilik ənənələrimizə hansı prizmadan yanaşdıqlarını əməlləriylə göstərdilər. Bizlər bir yerdə olanda güclüyük. Bizlər belə ziyalılara sahib çıxdıqca, onların doğru əməllərini vaxtında və yerində alqışlamaqla əsl millət oluruq…

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı