Modern.az

Domino stolu

Domino stolu

Ölkə

3 Avqust 2010, 16:13

1993-cü ilin sentyabr ayı idi. Doğma Cəbrayıldan aralı düşdüyüm 1 ay olardı. Bakıya gəlmişdik. Mərdəkan qəsəbəsində yerləşən keçmiş pioner düşərgəsində məşkunlaşmışdıq. Bu iki dar otaq sanki qəbiri xatırladırdı. Otaqların pəncərələri belə, yox idi. Binaya işıq da çəkilmədiyindən, içəri gündüzlər də zülmət qaranlıq olurdu. İnsan sanki özünü qəbirdə hiss edirdi.

İşğal olunmuş kəndimizdə həyətimizdə böyük bağ var idi. Hər il ağaclar çiçək açanda bağda gəzirdim. Hər tərəfi bürüyən çiçək ətri adamı az qala bihuş edirdi.
Bizim məskunlaşdığımız düşərgənin də həyəti yaşıllıq idi. Amma buradakı ağaclardan mənə qəribə iy gəlirdi. Bu qəribə iyə baxmayaraq həyərdəki yaşıllıq kəndimizi yadıma salırdı.

Məktəbə gedirdim. Dərslərimi yaxşı oxusam da, yazıdan müəllim mənə həmişə “2” yazırdı. Çünki yazını ya dizimin, ya da ən yaxşı halda nənəmin köhnə çemodanının üstündə yazırdım. Ona görə də xəttim pis alınırdı. Müəllim soruşanda isə utandığımdan deyə bilmirdim ki, stolumuz yoxdur. Qorxurdum ki, sinif yoldaşlarım məni ələ salarlar.
Bizim kənddə hər şeyimiz olmuşdu, hətta inəklərimiz əziyyət çəkməsin deyə,  onların da qabağına stol düzəldib qoymuşduq ki, kəpəyi rahat yesinlər. Burda – düşərgədə isə mənim yazı yazmağa stolum yox idi.

Bir gün dərsdən evə qayıdanda babamın həyətdə nə isə düzəltdiyini gördüm. Elə paltarımı soyunmadan qaçdım yanına, soruşdum ki, nə düzəldir. Kəndimiz işğal olunandan sonra səsini çox nadir hallarda eşitdiyim babam bircə kəlmə ilə “stol” dedi. Babam onsuz da çox danışan deyildi. Heç vaxt onun bərkdən danışdığını, yaxud nəyəsə hirsləndiyini görməmişdim. Arabir nənəmdən soruşurdum ki, bu kişi həmişə belə olub? O da gülüb deyirdi ki, 50 ildir onunla yaşayır, belə görüb.

Kənddə bir neçə dəfə babamın həyətin lap küncündə, evdən uzaq bir yerdə gəzişərək öz-özünə nəsə danışdığını görmüşdüm. Bu barədə nənəmdən soruşanda deyərdi ki, hislənib, acığın çıxarır. İndi babamın bu qısa cavabı məni təəccübləndirmədi.

Az keçmişdi, birdən babamın bir qədər ucadan “utanmazlar.. bizim bu halımıza gülürlər...ələ salırlar..” deyindiyini eşidib bayıra qaçdım. Həyətdə iki ağacın ortasına bərkidilmiş bir stol, yanında da oturmaq üçün stul gördüm. “Baba nə olub?” deyə soruşsam da, o, əlini yelləyib getdi.
Bayaqdan daşın üstündə oturan anama yaxınlaşdım. Bbamın hirslənməyinin səbəbimi ondan soruşdum. Gülümsündü..:
“Heç bayaq burdan keçən bir-iki yerli adam babanın düzəltdiyinə baxıb dedilər ki, “qaçqınlar özlərinə domino stolu düzəldirlər....”. Baban onlara hirslənib”.
Babamın düzəltdiyi “domino stolu” mənim çox karına gəldi. Onun sayəsində dizimin üstündə yazı yazmağa son qoydum.

Aradan illər keçib. İndi evimizdə stolumuz, stulumuz da var. Amma o “domino stolu”na oxşamırlar...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı