
Ermənistanın ikinci prezidenti Robert Köçəryan sonuncu müsahibəsində ölkədə baş verən bir çox məsələlərə münasibət bildirib. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, keçmiş prezident indiki dövlət başçısı Serj Sərkisyanın bu yaxınlarda onun ünvanına səsləndirdiyi fikrə sərt reaksiya verib.
“Ermənistanın hakim Respublika Partiyası Şurasının son iclasında çıxışı zamanı prezident Serj Sərkisyan sizin ünvanınıza çox şəffaf şəkildə işarə edərək dedi ki, bəzi sabiq yüksək vəzifəli şəxslər öz uğurlarını indiki hakimiyyətin uğursuzluqlarında axtarırlar” sualına R.Köçəryan belə cavab verib:
“Onunla mübahisə etmək fikrində deyiləm, çünki söhbət onun subyektiv fikirlərindən gedir. Üstəlik, mənim Ermənistanda və “DQR”də ali dövlət vəzifələrindəki fəaliyyətim indiki hakimiyyətin fəaliyyətindən asılı olmayıb. Təəssüf edirəm ki, prezident ölkənin taleyinin indiki hakimiyyətin acınacaqlı fəaliyyətinin nəticələrindən asılı olmasından narahatlıq keçirmir”.
Modern.az