Fikrət Şiriyev
Mən hər dəfə şəhərimizdəki Xocalı abidəsinin önündən keçəndə, yaxud dünyanın hansı nöqtəsindəsə Xocalı abidəsi açılanda, Amerikadan Asiyaya kimi müxtəlif ölkələrdə ucaldılan Xocalı abidələrini internetdə müşahidə edəndə düşünürəm ki, bu abidələr bəşəriyyətə bir mesajdır. Sülhü qorumaq, zalımın məzluma etdiyi haqsızlığın qarşısını almaq, irqi,dini, milli ayrıseçkiliyə görə insanları qətlə yetirməyin yolverilməzliyi haqda mesaj!!!
Digər tərəfdən fikirləşirəm ki, bu abidələr daha çox mənim xalqıma, Azərbaycana mesajlar verir. Onlar pıçıldayır ki, Vətəni daha çox sevin, onu göz bəbəyiniz kimi qoruyun, düşmən tapdağı altda olan torpaqları azad etməyə hər an hazır olun,həm də bu əmin-amanlığın, firavanlığın qədrini bilin, Xocalı faciəsini yetişdirən qarışıqlığın, qeyri-sabitliyin yaranmasına yol verməyin, bütün vasitələrlə Azərbaycanın haqq səsini dünya birliyinə çatdırın, dövlətimizi, xalqımızı, milli dəyərlərimizi, bayrağımızı hər zaman uca tutun!!!
“Xoca” sözü türkcə müəllim,ustad deməkdir. Mən düşünürəm ki, Xocalı bizim kişilik məktəbimizdir, mərdlik və qəhrəmanlıq öyrədən müəllimimizdir! Hər birimizin daxilində bu faciə ilə bağlı həm bir nisgil, həm də bir vətənpərvərlik ustadı yatır. O ustad bizə vətəni daha dərindən sevməyi, onun yolunda lazım gələrsə qurban getməyi öyrədir:
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Başqa xalqlardan fərqli ən hörmətli adama “müəllim” deyə müraciət etməyimizin bir səbəbi də bəlkə budur. Daxilimizdə bir Xocalı müəllimi var.Həmin tükənməz qüvvə ilə biz hamımız qəlbən ustadlı, deməli həm də daxilən “xoca”lıyıq! Bu qədər “xoca”lısı olan bir xalqın Xocalısı darda qalmamalıdır!