Noyabrın 26-da Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə mərasim keçirilib.
Modern.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev yubiley tədbirində çıxış edib. Rektor qeyd edib ki, BDU müsəlman Şərqinin yeni tipli ali təhsil ocağı kimi bu günə kimi yeni nəsilə yadigar qalıb:
"BDU ötən 100 ildə xalqımızın həyatında müstəsna rol oynayıb. Bu illər ərzində universitetin 7 dəfə yubileyi keçirilib. Bir çox ölkələrdə universitetin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Bu da BDU-nun daha da inkişafı üçün bir təkandır.
Azərbaycançılıq məfkurəsinin daim təbliğ edilməsi universitetin əsas məqsədi sırasında olub. Fəaliyyət göstərdiyi müddətdən bu günə qədər savadlı kadrların yetişdirilməsi daim əsas hədəf kimi götürülüb. BDU-da ali təhsilin bütün sahələrində 24 mindən çox tələbə təhsil alır. Hər zaman olduğu kimi, bu gün də universitet ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edir. Bu gün hökumətdə təmsil olunan rəsmi şəxslərin, ziyalıların çoxu məhz bizim universitetin məzunlarıdır. Bu qürurvericidir. Universitet növbəti yubileylərə qədər yenə də ölkənin daim yüksələn xətlə gedən inkişafına öz töhfəsini verəcək".
Universitetin professoru Firuzə Abasova ali təhsil ocağının fəaliyyəti və gördüyü işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra tədbir bədii hissə ilə davam edib, universitetin himni səsləndirilib.