Azərbaycan deputatlarının Ermənistana rəsmi səfəri davam edir.
Modern.az xəbər verir ki, millət vəkilləri Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda Göy məscidi ziyarət ediblər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sosial şəbəkə hesabında Göy məsciddən fotolar paylaşaraq bu sözləri yazıb:
“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir.
Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də.
İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”.
Qeyd edək ki, ötən gün Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının İrəvanda keçirilən iclasında iştirak ediblər.

