Modern.az

26 il əvvəl...

26 il əvvəl...

Aktual

19 Yanvar 2016, 23:54

20 yanvar hadisələri baş verəndə 3-cü sinifdə oxuyurdum. Bu yaşda uşaq nə xatırlaya bilər ki? Cəhd etdim. Yox! Unutmamışam. Hər şey indiki kimi yadımdadı.

Həmin gün atam evə çox gec gəldi. Rəngi qar kimi ağappaq ağarmışdı. “Ruslar bizə xəyanət etdi”-dedi. Əvvəl elə bildim ki, söhbət, qonşularımız Tanya xala və  Valodya əmidən gedir. Onlar bizə niyə xəyanət etsinlər? Axı yaxşı münasibətlərimiz vardı.

Sən demə, məsələ daha ciddi imiş. Həqiqətən də xəyanətə uğramışdıq. Özü də, 70 ilə yaxın dövr ərzində “qardaşlıq” xülyaları ilə beynimizi dolduran ruslar tərəfindən. 

Sovet ordusu Bakıya girmişdi. Bir gecədə dinc əhaliyə divan tutub sonra da  çıxıb getmişdi.  Ölənlər də var idi, yaralananlar da. Sayları yüzü keçmişdi.

Atam deyirdi ki, tarix yenidən təkrarlanıb. Bu, rusların ilk xəyanəti deyilmiş. Sonuncu dəfə bunun acısını 1920-ci ildə “dadmışıq”. 70 il ərzində bunu bizə unutdurmağı da bacarmışdılar. Elə öz canımızda da az yoxdur. Unutqanıq. Yaxşı ki, 20 yanvar hadisələri oldu və hər kəs qəflət yuxusundan ayıldı.

Bakıda baş verən qanlı hadisələr məktəbimizdə də müzakirə mövzusu idi. Yadımdadır. Hamımız bir nəfər kimi məktəbin həyətində toplaşmışdıq. Partbiletlər, pioner qalstukları, komsomol nişanları yandırılırdı. Bütün bunlar uşaq yaddaşıma yazılan xırda epizodlardır.

Böyüdükdən sonra öyrəndim ki, Lənkəranda etirazlar hələ, 1989-cu ilin dekabrından, Ermənistan SSR Ali Soveti Qarabağı özünə birləşdirməklə bağlı qərar qəbul edəndə  başlanıbmış.  Bakıdakı kütləvi qırğınlardan sonra sovet qoşunları eyni ssenarini ölkənin bir sıra yerlərində həyata keçiriblər. Sıra Lənkərana da çatıb.

Yanvarın 26-sı Haftoni meşəsindən həyəcanlı xəbərlər gəlməyə başlayır. Bir qrup gənc sovet silahlı dəstələrinin qarşısını almağa gedir. Onlar, bu addımı  baş verə biləcək təhlükəni rayonun mərkəzindən uzaqlaşdırmaq üçün atırlar. Yaranmış qarşıdurmada ölənlər olur.

Qonşumuz  Rövşən Bədəlov  motosikletdə yanıb, külə dönür.  37 nəfər isə həbs olunaraq helikoptel vasitəsi ilə Bakıya, oradan da Rusiyanın Ulyanovsk həbsxanasına aparılır. Özü də qolları arxadan bağlanaraq. İpin bir ucu isə boğazlarına keçirilir. Tariyel adlı gənc buna tab gətiməyib boğulur. Digərlərinə isə olmazın işgəcələr verilir.

Artıq bu hadisələrdən 26 il ötür. 20 yanvar, çoxumuzun yaddaşına faciə kimi yazılıb. Bu qanlı gün həm də şanlı tariximizə çevrilib. Çünki, yaşadığımız xəyanət  azadlığımızın, müstəqilliyimizin əsasını qoyub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı