“Sumqayıt xəstəxanasına yerləşdirilən 2 tələbənin vəziyyəti ağırdır”.
Bu haqda Modern.az-a Sumqayıt Dövlət Universitetinin (SDU) mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib.
O qeyd edib ki, yaralılar müxtəlif xəstəxanalara yerləşdirildiyindən hamısı barədə dəqiq məlumat yoxdur:
“Burda olan xəstələrimizdən 1 nəfər ağır kəllə-beyin travması alıb, digərinin çənəsi sınıb, qalanlarının vəziyyəti yaxşıdır. 1-2 günə evə buraxılacaqlar”.
N.Cəlilli bildirib ki, avtobus universitetə məxsus olmayıb.
Universitet rəsmisi deyib ki, SDU-nun rektoru Elxan Hüseynov, prorektor Natiq Talıbov, həmçinin İcra Hakimiyyətinin nümayəndələri xəstəxanlardadırlar.
“Xəstələrə baxmaq üçün Bakıdan həkimlər dəvət olunub”.
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakıdan Sumqayıt istiqamətində gedən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu Masazır dairəsindəki körpünün üstündə daş maşınına çırpılıb. Hadisə nəticəsində 5 tələbə ölüb, 21 nəfər yaralanıb. Faktla əlaqədar mikroavtobusun sürücüsü saxlanılıb, cinayət işi açılıb.
Gülşən RAUFQIZI