Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci-araşdırmaçı
əvvəli burada
Xəstə:
- Mən oğlumu, qardaşım oğlunu görmək istəyirəm, onlar doğrudanmı sağdılar? Yoxsa mənə yaşamaq ümidi vermək üçünmü belə dedin:
Allahverdi Bağırov:
- İndi gələcəklər. Gözlə, on dəqiqə sonra burda olacaqlar.
Komandir sürücüsü ilə əlaqə saxladı. Qəfildən sürücü iki uşaqla içəri girdi. Xəstə kişi özünü uşaqlara tərəf atıb, hönkürtüylə ağlamağa başladı.
Həkim:
- Siz nə vaxt, kimə göstəriş verdiniz bu uşaqları gətirmək barədə?
Allahverdi:
- Bir bir-birimizin üzünə baxanda digərimizin nə demək istədiyimizi başa düşürük.
Həkim:
- Mən elə bilirdim, siz xəstəni sakitləşdirməkdən ötrü belə deyirsiniz.
- Yox, elə deyil. İndi siz bu uşaqları başdan ayağa müayinə edin, yoxlayın, bu gün bu otaqda ataları ilə qalsınlar. Sabahdan isə ikisi də bizim evdə yaşayacaqlar. Hər gün xəstəxanaya gəlib sənə baş çəkəcəklər, - Allahverdi Bağırov uşağın atasına tərəf döndü belə dedi.

Artıq axşam saat səkkizə az qalırdı. Bu vaxt bir hərbçi palataya girdi, kapitan Azəri qucaqlayıb dedi:
- Sənin əsirlikdən azad olduğunu eşidən kimi Ağdama gəldim, çox sevindim.
Deyəsən dost idilər. O, Azərin atasıyla görüşəndə Azər əliylə dostuna Allahverdini göstərdi ki, “məni düşmənin əlindən Allahverdi alıb”.
“Mənim kimi bir çox hərbçiləri Əhməd Mehbalıyev yetişdirib hazırlayıb. O, Kazan Ali Tank Qoşunları Məktəbinə daxil olub. Daha sonra Kiyevdə, Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında xidmət edib, tanış ol”, - deyərkən Əhməd Allahverdini qucaqladı və dedi:
- Sizə təşəkkür edirəm, mənim dostumu əsirlikdən azad etmisən.
Allahverdi Əhmədi qucaqlayarkən onun kürəyindəki yaraları hiss etdi:
Allahverdi “sən yaralısan”, - deyərək onu həkimin yanına gətirdi:
- Həkim, onun bax kürəyinə.
Həkim:
- Əhmədin kürəyində qəlpə yarası təzədir. Güllə təxminən bir ay əvvəl yaralayıb. Onun da yeri hələ sağalmayıb. Siz həkim nəzarətində olmalısınız. Bu yaralar ayaqüstə sağalan deyil, mütləq xəstəxanaya yerləşməlisiniz. Qana zəhərləmə verə bilər.
Həkim Əhmədin yaralarını təmizləyib, sarğı qoydu, Allahverdiyə tərəf döndü:
- Məzahir Bayramov da ağır yaralıdır, onun da vəziyyəti pisdir, xəstəxanaya yerləşdirilməlidir, amma qulaq asmır, sarğıya da gəlmir.
Allahverdi:
- Qara Məzahiri deyirsən? Mən onu gecə səngərdən çıxarıb evinə göndərə bilmirəm. Xocalı faciəsindən sonra əsgərlərimizin psixologiyası pozulub, özünü fikirləşən yoxdur.
Ratsiyadan xəbər gəldi ki, ermənilər yenə Əsgərandan Şelli kəndi istiqamətində texnika ilə güclü hücuma keçib.
Allahverdi ayağa qalxdı:
- Salamat qalın, mən gedəsi oldum, sabah yenə gələcəyəm. Həkim, bizim, o biri yaralı əsgərlərimizin vəziyyəti necədir? Bu gün baş çəkə bilmədim. Sabah mütləq gələcəyəm. Əhmədi Azərin palatasına yerləşdirərsən.
Allahverdi tələsik sağollaşıb çıxdı. UAZ-a mindi, mən də onunla maşına mindim. Allahverdi mənə: - Səni qərargahın qabağında maşın gözləyir. Tapşırmışam, Bakıya aparacaq. Dörd gündür Ağdamdasan. Nə gecən var, nə gündüzün.
Mən Allahverdiyə cavab verdim:
- Dörd gündə dörd dəfə təmas xəttində olmuşam, amma döyüş görməmişəm. Bu dəfə məni döyüşə aparsan, gedəcəm. Mən sənin döyüş yoldaşlarını cəbhədə döyüşərkən görmək istəyirəm.
Allahverdi:
- Onda uzaqdan baxarsan.
Maşın hərəkət edəndə, birdən qapı açıldı, Əhməd özünü maşına atdı:
- Məni də cəbhəyə aparın.
Allahverdi Əhmədə:
- Mən sənin kürəyindəki qəlpə yarasını gördüm. Dərindədir, müalicəni davam etdir. Sən hərbi mütəxəssis kimi ordumuza lazımsan.
Əhməd:
- Sən mənim kürəyimdəki yaranı gördün. Bəs ayağımdakı yaranı görsəydin nə edərdin?
Allahverdi:
- Bəs onda həkimə niyə göstərmədin, heç olmasa yaranı yenidən sarğıya qoyardı.
Əhməd:
- Həkim görsəydi məni xəstəxanadan buraxmazdı. Elə orda yatızdırardı.

Biz atışma olan yerə çatdıq. Maşından düşdük, Allahverdi mənə “burdan baxarsan” dedi.
Əhməd ordu komandiri ilə görüşdü. 5 gün Ağdamda, Allahverdinin qərargahında oldum, 5 saat tank komandiri Əhmədin qəhrəmanlığının şahidi oldum. Gördüklərim barədə bir yazı hazırladım. Müharibədə tankın gücünü gördüm.
Allahverdinin dəstəsi iki yerə ayrıldı. Erməninin hücumunun qarşısını almağa başladılar. Birinci dəstədə Əkbər müəllimdən başqa heç kimi tanımırdım, ikinci dəstədə Allahverdi özü öndə gedirdi düşmənin üstünə.
Allahverdinin döyüşçülərinin bir hissəsinin adı yadımda qalıb. Çoxlarının adını bilmirəm. Elman Hacıyev, Haqverdi (ləqəbi Qaraqulax Bayramov), Məzahir Oruc oğlu (ləqəbi Qara Məzahir), Zahid Qarayev, Əhməd Xuduyev, Şahbaz İbrahimov, Nadir Cəfərov, Rüstəm Hacıyev, Vahid (ləqəbi Qarın Vahid) Alik həkim, Nizami həkim.
Allahverdinin dəstəsinin düşmənin üzərinə hücuma keçməyinin canlı şahidi oldum. İnsanların bir-birinə qarşı necə amansız olduğuna baxıb heyrətlənirdim. Mən filmə yox, insanların canlı olaraq bir-birlərini öldürməsini izləyirdim. Hərbçilərimizə baxdım ki, əllərində silah var, öz əlimə baxdım dəftər-qələm. Bir anlığa əsgərlik illərim yadıma düşdü.
1984-cü ildə orta məktəbi bitirib Moskva Avtomobil Nəqliyyatı İnstitutuna qəbul olundum, ardından Moskvadan hərbi xidmətə çağırıldım. Almaniyada, Verderdə müdavim kimi tədris kursunu başa vurduqdan sonra Veymarın Nora qəsəbəsində rabitə batalyonunda xidmət elədim. Məni məxfi sənədlərlə tanış etdikdən sonra radiostansiyanın rəisi vəzifəsinə təyin etdilər. 18 yaşında 22 nəfərlik radiostansiya heyətinə rəhbərlik edən ilk qafqazlıydım. Ora SSRİ-nin ən məxfi rabitə sahəsi sayılırdı.
Əsgərlik illərimdən ən maraqlı bir hadisə yadıma düşdü: hərbi hissəmizdən uzaqda təlim zamanı bizim hərbi maşın meşənin içində xarab oldu. Gecəni meşədə qaldıq. Sabahı gün çox acmışdım. Bizə ehtiyat üçün sala, bir də çörək vermişdilər. Mən sala yemirdim, silahımı götürüb meşənin içinə getdim. Xeyli irəliləmişdim, möhkəm qar yağırdı, qabağıma bir sürü ceyran çıxdı. Silahı hazırladım, amma əlim gəlmədi atəş açmağa. Üç gündən sonra bizi tapdılar. Hərbi maşını təmir elədilər.
Mən əsgərlik illərimi xatırladım, o zaman əlim gəlmədi ki, bir heyvana güllə atım, onu öldürüm.
Allahverdinin dəstəsinin hücuma keçməyinə badıqca, tarixçi yox, əlimə silah alçmaq, hərbiçi olmaq istədim. Düşmənin Xocalıdakı vəhşiliyini göz önünə gətirib, onlara qarşı amansız olmaq istədim.
Ağır döyüşlər getdi, düşmən xeyli itki verərək, geri çəkildi. Çoxlu yaralılarımız var idi, mən də yaralıların yüksəkliklərdən endirilməsində, hərbi maşınlara qoyulmasına kömək elədim. Əlimdəki qeyd dəftərinin ağ səhifələrinə yaralı əsgərimizin müqəddəs qanı yayılmışdı. Tank komandiri Əhməd qolundan yaralanmışdı. Mən fürsət tapıb onunla söhbət elədim. Allahverdini gözləyirdim.
Milli ordunun komandiri mənə yaxınlaşdı:
- Tarixçi sənsən? Allahverdi yaralıları xəstəxanaya apardığına görə təcili getdi, səni qərargahda gözləyəcək. Mənim sürücüm səni aparacaq.
Komandirin maşınına mindim. Gecə saat 4 idi, qərargaha gəldim. Növbətçidən Allahverdini soruşdum.
Növbətçi:
- İndilərdə gəlməlidir, xəstəxanadadır.
Bir az keçmişdi ki Allahverdi Bağırov qərargaha gəldi, burada onu məndən başqa da gözləyən bir neçə nəfər vardı. Onların bəzilərini tez-tez görürdüm, biri mənə yaxınlaşdı:
- Qardaş, səni də neçə gündür burda görürəm, nə dərdin var?
- Mənim dərdim xalqımın dərdidir, -dedim.
Allahverdi onu gözləyənlərlə görüşdü:
- Hamınızı bir-bir dinləyəcəyəm, icazə verin, Bakıdan gələn tarixçimizlə görüşüm, onu yola salım.
O, məni öz otağına dəvət elədi:
- Sən hələ də getməmisən? Ta döyüşdə də oldun.
- Mən səninlə sağollaşmadan necə gedim? Sənə sonuncu sualımı verim, gedəcəm və amma bir də qayıdacam, bu dəfə qələmlə yox, silahla. Mən gəlmişdim ki, Seyidağanın, Çingiz Mustafayevin çəkdiyi şəkillərə görə səninlə görüşəm. Demək istəyirdim ki, o şəkillər tariximizdə yer tutacaq.
İllər keçəcək, gənc nəsillər namərd düşmənə bir daha inanmayacaq. Beş gündür burdayam, sənin hər günün bir tarixdir. Mənim burda gördüklərim xalqımızın acısıdır. Mən bunu gördüm. Ürəyim ağrıyır, eləcə kənardan tamaşa edirəm. Sənsə bu acıların içindəsən. Gördüklərimi tariximizə yazacam.
Allahverdi:
- Sən iki ay əvvəl gəlsəydin, daha çox şey görərdin. İndi sakitçilikdir. 1915-ci ildə ingilislərin Türkiyəyə basqını zamanı Osmanlı dağıldıqdan sonra Türkiyənin də yeni hökumətində, yeni ordusunda boşluq vardı. Bilirsən xalq necə birləşdi? Qələbə çaldı. İngilislər bir ailənin namusuna sataşmışdı, onda bütün Türkiyə ayağa qalxdı və o namusu özlərinin davası bildilər. Dedilər ki, bu namus davasıdır.
- Bu mənim sənə son sualımdır, Allahverdi. Vaxtilə dost dediyin qonşular amansız olduğunu göstərdi. Nə deyə bilərsən? Onlar uzun illər içindəkiləri necə gizlədibmiş.
Allahverdi:
- Biz eyni dünyada yaşamamalıyıq. Yüz ildən bir qanı coşur ermənilərin.
Mən sonuncu sualımı verəndən sonra o ayağa qalxdı, mənimlə qərargahın eşiyinə çıxdı. Çöldə bir maşın dayanmışdı, məni gözləyirdi. O, məni maşına əyləşdirdi və sürücüyə tapşırdı ki, məni Bakıya, düz evimə qədər aparıb düşürəcək.
Beş gündə keçirdiyim həyəcanlar mənə yemək-içməyi belə, unutdurmuşdu. Yuxu belə, ağlıma gəlmirdi. Yolboyu necə yuxuya dalmışamsa, bir də sürücü məni oyandırdı ki, Bakıdayıq. Mən Bakıda ayıldım, evimə gəldim, orda əlacsız, köməksiz gördüyüm insanlar gözümün önündən getmirdi. Onların taleyindən narahatıydım. Gücümü toplayıb yenidən Ağdama getmək, Allahverdiylə görüşmək, o insanların taleyi ilə maraqlanmaq istəyirdim. Niyyətim həm də yazdığım tarixi romanda qəhrəmanlarımın real adlarını qeyd eləmək idi.
Bir ay sonra eşitdim ki, Allahverdi Bağırov şəhid olub. Xəbər məni çox üzdü. Həyatımda sadəcə beş gün tanıdığım bu insanın elədikləri və onun itkisi məni belə kədərləndirirdisə, gör Allahverdi Bağırovu yaxından tanıyanların nə hiss edirdilər.
11 ay müharibədə, ağır döyüşlərdə oldum. Allahverdinin yanında keçirdiyim 5 günün həyacanını, çətinliyini, acısını mən 11 ayda görmüşəm. Allahverdi bu Vətənin qəhrəman oğullarından biriydi. Yeri behişt, məkanı cənnət olsun. Vətən şəhidləri unutmur!
Allahverdi Bağırov 1990-cı ildə Ağdamda könüllülərdən ibarət batalyon yaradaraq, Qarabağdakı Azərbaycan kəndlərinin müdafiəsində iştirak etdi. Onun rəhbərlik etdiyi taborun Xocalı faciəsi zamanı yüzlərlə soydaşımızın xilas edilməsində, həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında, əsir-girovların azad edilməsində böyük xidməti oldu.
1992-ci il iyunun 12-də Allahverdi Bağırovun rəhbərliyi ilə Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edildi. Vətənimizin cəsur övladı gözətçi məntəqəsini yoxlayıb geri dönən zaman xidməti avtomobilində minaya düşərək həlak oldu. Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 24 fevral tarixli Fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi.
SON
