Modern.az

Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı ARTIRILIR

Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin sayı ARTIRILIR

5 İyun 2023, 10:01

Azərbaycan Mərkəzi Bankının (AMB) funksiyalarının sayının 9-dan 11-ə çatdırılması və yenidən müəyyən olunması təklif edilir.

 

Modern.az xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Sənədə əsasən, AMB-nin yenilənmiş funksiyaları aşağıdakılardır:

 

- 5.1.1. dövlətin pul və məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi;

 

- nağd pul dövriyyəsinin təşkil edilməsi, Konstitusiyanın 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasının və tədavüldən çıxarılmasının həyata keçirilməsi;

 

- manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi müəyyən edilməsi və elan edilməsi;

 

- sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi;

 

- beynəlxalq standart və metodologiyalara uyğun olaraq monetar, maliyyə bazarları və ödəniş sistemləri üzrə statistikanın, ölkənin tədiyə balansının, beynəlxalq investisiya balansının və icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasının tərtib edilməsi, məlumatların ümumiləşdirilməsi və yayılmasının təmin edilməsi, habelə ölkənin tədiyə balansının proqnozlaşdırılmasında iştirak edilməsi;

 

- maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi;

 

- ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, inkişafına dəstək verilməsi;

 

- maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması;

 

- “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi;

 

- əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi;

 

- bu Qanunda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyaların həyata keçirilməsi.

 

Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin (İH) üzvlərinin sayının 7-dən 9-a çatdırılması təklif edilir. Sənədə əsasən, İH AMB-nin kollegial ali idarəetmə orqanıdır. Onun tərkibi sədr, daimi əsaslarla işləyən 6 üzv (hazırda 4 üzvdür) və 2 kənar üzv daxil olmaqla 9 üzvdən ibarətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir