Modern.az

Siqaret və spirtli içkilər BAHALAŞACAQ - SƏBƏB

Siqaret və spirtli içkilər BAHALAŞACAQ - SƏBƏB

İqtisadiyyat

6 Dekabr 2023, 16:08

Milli Məclis siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasına dair sənədi III oxunuşda təsdiqləyib. Dəyişikliklə aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.

 

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata çatdırılır.

 

Aksiz dərəcələrinin artırılması sözügedən məhsulların qiymətlərinə necə təsir edəcək? Nə qədər bahalaşma gözlənilə bilər?

 

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli siqaret və alkoqollu içkilərin qiymətlərində ən yaxşı halda 10 faiz artım olacağını bildirib:

 

“Tütün məhsullarının və alkoqollu içkilərin aksiz dərəcələri üç-dörd ildir ki, artırılır. Budəfəki aksiz dərəcələrinin artırılmasından sonra spirtli içki və siqaretlərin qiymətlərində ən yaxşı halda 10 faiz bahalaşma gözlənilir. Dünyanın hər yerində hökumətlər tütün məmumlatları və alkoqollu içkilərlə bağlı aksiz dərəcələrini və vergiləri rahatlıqla artıra bilirlər. Çünki bu, sosial məsələ deyil və sağlam həyat tərzini təşviq etməyə yönəlib. Buna görə də, hökumətlər ciddi etirazların olmayacağından əmindirlər".

N.Cəfərli aksiz dərəcələrinin artırılması nəticəsində meydana gələcək bahalaşmanın törədə biləcəyi fəsadlardan da danışıb:

 

"Burada incə bir məqam var. Əgər qonşu ölkələrdə siqaret və alkoqollu içkilər bizdəkindən çox ucuz olarsa, qaçaqmalçılıqla ölkəyə gətirilən məhsulların həcmi artacaq. Aradakı qiymət fərqinə görə, qaçaqmalçılıqla xarici ölkələrin istehsal etdiyi siqaret və alkollu içkiləri ölkəyə gətirmək riskini gözə alanların sayı artacaq. Spirtli içki ilə bağlı məsələ daha  pisdir. Qiymətlər artan kimi kustar üsulla, ev şəraitində hazırlanan içkilərin bazara daxil  olması baş verə bilər. Bu da insan sağlamlığına daha ciddi ziyan vura bilər.Hətta ölüm halları da arta bilər. Bu məsələlərdə daha diqqətli olmaq lazımdır".

İqtisadçı ekspert Asif İbrahimov isə 30-35 faiz qiymət artımını ehtimal etdiyini söyləyib:

 

"Əlbəttə, məhsulun qiymətinin formalaşmasında çəkilən xərclərin təsiri böyükdür. Yəni məhsul ərsəyə gətirlən zaman onun məmulatına,icazələrinə, hər hansı bir vergisinə, rüsumuna nə qədər dəyişikliklər olarsa, o qədər də yekun qiymətlərdə artım olacaq. Bu gün qiymətlərdəki dəyişikliklər hiss olunmaya bilər. Lakin bir, yaxud üç ay sonra Azərbaycan vətəndaşları artımları hiss edəcək. Qiymət artımının nə qədər olacağını hazırda demək çətindir. Belə hallarda,adətən, bazarda xarici və daxili faktorlardan asılı olaraq gedən prosesləri gözləmək lazım gəlir. Bununla belə düşünürük ki, siqaret və alkoqol məhsullarında 30-35 faiz qiymət artımları ola bilər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi