Modern.az

Beş telekanalın rəhbəri İlham Əliyevə birgə məktub YAZDI

Beş telekanalın rəhbəri İlham Əliyevə birgə məktub YAZDI

Media

13 Yanvar 2024, 15:19

Özəl televiziya kanallarının rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə birgə məktub yazıblar.

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Zəngin və şərəfli tarixə malik Azərbaycan mətbuatının tərəqqisi istiqamətində gördüyünüz ardıcıl işlər, kütləvi informasiya vasitələrinin inkişafına verdiyiniz dəstək, media işçilərinə diqqət və qayğınız dünyada bənzəri olmayan bir təcrübədir.

Biz, rəhbərlik etdiyimiz Azərbaycan özəl televiziya kanallarının adından Sizə mediaya göstərdiyiniz daimi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi istiqamətində gördüyünüz işlər, yürütdüyünüz müdrik daxili və xarici siyasət torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi.

44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirdiyiniz informasiya siyasəti qələbənin qazanılmasında mühüm mərhələ oldu. Fəxrlə deyə bilərik ki, mediamız da informasiya mübarizəsindən qalib ayrılmağımız üçün üzərinə düşən missiyanı layiqincə həyata keçirməyə çalışdı. Sizinlə birlikdə bu yolu getmək, bu işdə Sizinlə birgə çiyin-çiyinə irəliləmək qürurlu və şərəflidir.

Media sektoruna verdiyiniz dəstəyi hər zaman yüksək qiymətləndirir, diqqətiniz, tolerantlığınız, dostluğunuz üçün Sizə təşəkkür edirik.

Cənab Prezident, özəl ümumölkə teleradio yayımçılarına əlavə dəstək verilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanda medianın inkişafına, teleradio kanallarının maddi-texniki bazasının gücləndirilməsinə hər zaman diqqət və qayğı ilə yanaşırsınız. Mənəvi və maddi dəstəyiniz teleradio yayımı məkanı, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edir.

Sizə bir daha dərin hörmət və ehtiramımızı bildirir, Azərbaycanımızın davamlı inkişafı, parlaq gələcəyi naminə misilsiz dəyərə və önəmə malik fəaliyyətinizdə uğurlar arzu edirik!


Dərin hörmətlə,
 

“Space” Müstəqil Teleradio Şirkəti MMC-nin direktoru Vado Korovin

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının prezidenti Azər Xəlilov

“Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov

“ARB 24” MMC-nin direktoru Radik İsmayılov

“Real Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü