Modern.az

“Hazar denizi de “mavi vatan”dır”

Media

29 May 2024, 21:35

Cihat Yaycı ilə axşam yeməyindəyik.

58 yaşlı tümamiral (kontr-admiral) həm də tanınmış araşdırmaçı, bir strateji Ustasıdır.

Cihat Paşa Türkiyə Cümhuriyyəti tərəfindən Qara dəniz, Aralıq dənizi və Egeydə elan edilmiş dəniz yurisdiksiyası ərazilərini (ərazi suları, kontinental şelf və özəl iqtisadi zona) əhatə edən “Mavi Vatan” doktrininin müəlliflərindən biridir.

O, çox fərqli bir Türk komandanıdır. Silah arkadaşı tümamiral Cem Gürdenizlə “Mavi Vatan” doktrinini hərbi-siyasi ədəbiyyata salan bir əsgərdir. İndiki “Mavi Vatan” xəritəsini çəkən və doktrin üzərində çalışmalara davam edən Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin qurucusudur Cihat Paşa.

“Mavi Vatan” deyəndə Atatürkün Gelibolu döyüşü zamanı dediyi söz düşür yada:

"Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm".

Cihat Paşa da bu sözləri xatırladaraq Vətəninin müdafiəsi “Mavi Vatan”dan başlamalıdır deyir və əlavə edir: “Hazar denizi de Mavi Vatandır”...

Cihat Yaycı Türkiyədə Dəniz, Milli Təhlükəsizlik və Silahlı Qüvvələr Akademiyalarını, Marmara universitetini bitirmiş, ABŞ-da Dəniz Məktəbində (NPS) fizika və elektronika mühəndisliyi üzrə magistr dərəcəsini, İstanbul Universitetində beynəlxalq əlaqələr üzrə doktorluq dərəcəsini tamamlayıb. Bu səbəbdən də söhbətinə doymaq, biliyinə, dünya görüşünə heyran qalmamaq olmur.

Bu axşam Qarabağdan, Zəfərimizdən, sonuncu böyük uğurdan – Qazağın 4 kəndindən danışdıq bol-bol. Cihat Paşa bir Azərbyacan sevdalısıdır, ölkəmizi də, Silahlı Qüvvələrimizi də yaxından tanıyır. 2012-2014-cü illərdə Türkiyənin Rusiyadakı hərbi attaşesi olub. Rusiyanı, onun dinamiklərini, əsgəri yapısını da dərindən bilir.

Bu gün Paşanın əsas maraq dairəsi Turan coğrafiyasıdır. Yəni Turançılıq yox, bu bölgədə baş verən siyasi, iqtisadi hadisələr, yeni cərəyanlar Cihat Paşanın diqqət mərkəzindədir.

Türk Dövlətləri Təşkilatının yaranması ilə bu ölkələrin iqtisadi-mədəni yaxınlaşması üçün müxtəlif layihələr üzərində çalışır. Bu layihələr “boğazdan yuxarı” Turançılıq nərələri çəkmək deyil, önəmli və faydalı əməli işlərdir.


Cihat Paşa bu yolda üç konkret istiqamət üzrə çalışdığını deyir söhbət zamanı:

1. Türk Dünyasında ölkələr arası iqtisadi, mədəni əməkdaşlıq;

2. Ortaq Əlifbaya doğru qarşıya çıxan əngəllərin aşılması;

3. Türk Dövlətləri arasında təhsil layihələri və ali təhsil diplomlarının qarşılıqlı tanınması prosedurlarını sadələşdirmək…

Bu gün – 29 may İstanbulun Fəthi günüdür.

Məhəmməd Peyğəmbər tərəfindən hədislə müjdələnən, tarixin axarını dəyişdirən bir cahan-şümul olaydır. Fatih Sultan Mehmet Hanın 1453-cü ildə Konstantiniyyeni fəth edib İstanbul yapdığı gündür 29 may…

Cihat Paşa Türk tarixinin bu ən şanlı səhifəsi ilə bağlı bir bəyənat yayımlayaraq “Zülm 1453-də başladı” deyən xainlərə layiqli cavabı verib, Türk Millətinin bir Çağı qapadaraq Yeni Çağ açan Şanlı Fəthini təbrik edir və əlavə edir: “Bilin ki, Şanlı Fəthə qarşı olan xainlər “Mavi Vatan”a qarşıdırlar”…

Cihat Paşanın Azərbaycana dəvət edib tələbələr, gənclər və hərbiçilərimizlə görüşdürmək, onun əngin biliklərindən faydalanmaq çox vacibdir. İnanıram ki, bunu yaxın zamanda həyata keçirsək böyük bir iş görmüş olarıq.

Cihat Yaycı kimi böyük komandanlar yetişdirən Türk Ordusuna eşq olsun!

P.S. Cihat Paşa 7 kitab müəllifidir. Gənclər üçün onlardan bəzilərinin adlarını da buraya yazsam yaxşı olar deyə düşünürəm:

“Doğu Akdeniz'in Paylaşım Mücadelesi ve Türkiye”;

“Yunanistan Talepleri Ege Sorunları Soru ve Cevaplarla”;

“Uyan Türkiye'm”;

“Mavi Vatan Bir Harita ve Bir Doktrin Kitabı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı