Modern.az

Mətbuat Şurasında yenilik: Nizamnamə dəyişir, seçkilər elektronlaşır

Mətbuat Şurasında yenilik: Nizamnamə dəyişir, seçkilər elektronlaşır

Ölkə

Bu gün, 17:19

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclas zamanı ölkə mediasının gündəmində olan bir sıra məsələlər, xüsusilə Azərbaycan jurnalistlərinin IX Qurultayına hazırlıq prosesi geniş müzakirə olunub.

Mövzu ilə bağlı Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri Modern.az-a açıqlama veriblər.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Azərbaycan jurnalistlərinin bütün qurultaylarında ölkənin media gündəmi ilə bağlı məsələlər müzakirə olunur və IX qurultay da bu baxımdan istisna olmayacaq:

1551577

“Sentyabrın 26-da keçirilən İdarə Heyətinin iclasında qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb, Ali Məclisə nümayəndələrin verilməsi və Şuranın İdarə Heyətinə namizədlərin irəli sürülməsi proseduru təsdiqlənib. ‘Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları’nın yeni dövrün tələblərinə uyğunlaşdırılması vacibdir və bunun üçün müvafiq əlavələrin edilməsi istiqamətində iş aparılması məqsədəuyğun hesab olunub.”

Mətbuat Şurasının əsas fəaliyyət istiqamətlərinin media-ictimaiyyət və media-hakimiyyət münasibətlərinin tənzimlənməsi, həmçinin şikayətlərin araşdırılması olduğunu vurğulayan sədr, qurumun özünütənzimləmə strukturu kimi fəaliyyət göstərdiyini xatırladıb:

“İdarə Heyətinin tərkibində dəyişikliklərlə bağlı qərar qurultay nümayəndələrinin səlahiyyətindədir. Qurultay kimlərin İdarə Heyətinə seçilməsinə qərar verərsə, həmin şəxslər seçiləcək. Şəxsən mən media cameəmiz üçün daha faydalı şəxslərin İdarə Heyətində təmsilçiliyini arzu edərdim və əminəm ki, belə də olacaq.”

İdarə Heyətinin üzvü Qulu Məhərrəmli qurultayın nizamnaməyə uyğun olaraq nəzərdə tutulmuş vaxtda keçirildiyini diqqətə çatdırıb:

1551578

“Sonuncu qurultay 4 il əvvəl baş tutub. Hazırda Mətbuat Şurası qurultaya hazırlıq işlərinə başlayıb. Qurultay nümayəndələrinin seçilməsi, Təftiş Komissiyasının və İdarə Heyətinin formalaşdırılması ilə bağlı prosedurlar müəyyənləşdirilib və redaksiyalara göndərilib. Redaksiyalar anketləri dolduraraq elektron formada Mətbuat Şurasına təqdim edəcəklər.”

Q.Məhərrəmli medianın şaxələnməsi və internet mediasının genişlənməsinin yeni çağırışlar yaratdığını qeyd edib:

“Xüsusilə etik tənzimləmə, jurnalistlərin hüquqi və etik məsuliyyəti, şəxsi həyatın toxunulmazlığı, eləcə də süni intellektin mediaya nüfuzu ilə bağlı məsələlər müzakirə olunur. Bu məqsədlə jurnalistlərin etik kodeksinə mümkün dəyişikliklərlə bağlı komissiya yaradılıb. Bundan başqa, yazılı mətbuatın, gündəlik qəzetlərin sayının azalması, reklam bazarı və Mətbuat Şurasının yeni media şəraitinə uyğunlaşması da qurultayda müzakirə olunacaq.”

İdarə Heyətinin üzvü Akif Aşırlı vurğulayıb ki, qanunvericilikdəki son dəyişikliklər nizamnaməyə yenidən baxılmasını tələb edir:

1551579

“Qurultaya hazırlıq çərçivəsində Mətbuat Şurasının nizamnaməsinə yenidən baxılması zəruridir. Çünki media sahəsində, xüsusilə internet mediası ilə bağlı qanunvericilikdə yeni dəyişikliklər olub və yeni media qurumları yaranıb. Mətbuat Şurası öz klassik funksiyalarını — media-cəmiyyət və media-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində fəaliyyətini davam etdirir.”

A.Aşırlı namizədlərin müəyyənləşməsi proseduru barədə də məlumat verib:

“Mətbuat Şurasının üzvü olan, eləcə də Media İnkişaf Agentliyində qeydiyyatdan keçmiş media təşkilatları qurultaya öz nümayəndələrini göndərəcəklər və həmin nümayəndələr İdarə Heyətini seçəcəklər. Jurnalistlər öz namizədliklərini irəli sürə, eyni zamanda ictimaiyyət nümayəndələri tərəfindən də namizədlər təklif oluna bilər. Bununla bağlı ümumi statistika hazırlanacaq və qərar qəbul ediləcək.”


İdarə Heyətinin üzvü Hacıbəy Heydərli IX qurultayın daha sistemli və optimallaşdırılmış formatda keçiriləcəyini bildirib:

1551580

“Əvvəlki qurultayların təcrübəsi nəzərə alınmaqla iştirakçı sayının optimallaşdırılması məsələsi müzakirə olunub. Bu dəfə 46 namizəd 23 yer uğrunda mübarizə aparacaq (əvvəlki qurultayda bu rəqəm 69 olub). Qərara əsasən, gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik qəzetlər, jurnallar, xəbər saytları və jurnalist təşkilatları isə 1 nümayəndə ilə təmsil olunacaqlar.”

H.Heydərli həmçinin üzvlük haqqı və yeniliklər barədə danışıb:

“Mətbuat Şurasının üzvü olan təşkilatların heç də hamısı üzvlük haqqı ödəmir və bu amil onların qurultayda iştirakına təsir göstərə bilər. Prosesin şəffaflığını təmin etmək üçün Mətbuat Şurasının rəsmi saytında IX qurultaya həsr olunmuş ayrıca bölmə yaradılıb. Mühüm yeniliklərdən biri də odur ki, səs hüququ olan şəxslərin sırasına Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri və Vətən müharibəsi iştirakçısı olmuş jurnalistlərin bir qrupu da əlavə edilib.”

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?