Modern.az

Keçmiş iş yoldaşı jurnalistin ölümündən yazdı: “Üç balasının gözünə baxa bilməzdim”

Keçmiş iş yoldaşı jurnalistin ölümündən yazdı: “Üç balasının gözünə baxa bilməzdim”

Media

17 İyun 2024, 12:08

Bu gün səhər saatlarında insultdan vəfat edən jurnalist Sərxan Kamallının ANS TV-də birgə çalışıdığı keçmiş iş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

Modern.az-ın məlumatına görə, ANS TV-nin keçmiş jurnalisti Ləman Ələşrəfqızı dualarının Sərxanı xilas etmədiyini vurğulayıb:

“Alın yazısı deyə bir şey varmış. Sərxanın da alın yazısı 41 yaşında insult səbəbindən bu dünyanı tərk etməkmiş. Sərxanın ANS-də "İç xəbər"in otağına gəldiyi gün yadımdadır. "Qız kimi həyalı" ifadəsi elə bil onun boyuna biçilmişdi. Asta danışan, danışarkən təbəssümü üzünü tərk etməyən Sərxan dünyanı da beləcə sakit tərk etdi.

Atası rəhmətə gedəndə Yevlaxda evlərində olmuşduq. Anasına başsağlığı vermişdik. Bu dəfə Sərxanın dəfninə gedə bilməyəcəm. Ciyəri yanan anasının, gənc yaşında dul qalan həyat yoldaşının, üç balasının gözünə baxmaq əziyyətindən məni Rusiyada olmağım xilas elədi.
"İç xəbər"in uşaqları mənə öz doğma balalarım kimi olub. Çünki, əksəriyyətinin təqdimatını məndən istəyiblər. Amil Hacıyev, Rəşad Abbasov, Anar Nəcəfli, Kamran Mahmudov, Sərxan Kamallı və s. Hər birinin əlindən tutmuşam. Gah əsəbləşmişik, gah gülmüşük, nəticədə ortaya məhsul qoymuşuq. Həm də qıvraq bir komanda. O komandanın uşaqları sonralar da ayrı-ayrı televiziyalarda öz sözünü deyiblər. Amma mənim gözümdə onlar həmişə “İç xəbər”çilərdir.

Natiq Qədimovun açdığı cığırla indi də Sərxan getdi... Çox məyusam, çox kədərliyəm. Həm də bir-birimizi ANS-dən sonra itirib-axtarmadığımız, dərd-səri ilə maraqlanmadığımız üçün.

Tanrı dağında görüşənə qədər, Sərxan”.

Xatırladaq ki, 1983-cü il təvəllüdlü Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.
Sərxan Kamallı “Baku TV”nin əməkdaşı idi. O, kriminal sahədən yazan jurnalist idi.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı