Modern.az

Paşinyan 4 kəndi qaytarmaq istədiyini deyir - Bəs ona mane olan nədir...

Paşinyan 4 kəndi qaytarmaq istədiyini deyir - Bəs ona mane olan nədir...

4 Aprel 2024, 09:03

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla bu ilin martında keçirdiyi görüşdən sonra rəsmi Bakı işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyib.


Ermənistan rəsmiləri bir neçə dəfə sözügedən 4 kəndi qaytarmağa hazır olduqlarını bildiriblər. Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə 4 kənd mövzusuna toxunub. O, Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycan dilində olan adlarını sadalayıb. Onun sözlərinə görə, Ermənistan Respublikasında heç vaxt belə adlar altında kəndlər olmayıb. Paşinyan qeyd edib ki, Ermənistan hökumətinin adı çəkilən kəndlərə heç vaxt iddiası olmayıb.
 

“Mən bunu açıq şəkildə qeyd etməyimizi istəyirəm və bizim siyasi mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir əraziyə, o cümlədən Azərbaycanın qeyd etdiyi kəndlərin ərazilərinə iddiası yoxdur” - Paşinyan bildirib.

 

Ermənistan parlamentin sədri Alen Simonyan da  bu fikri dəstəkləyən açıqlamalar verib. 

 

Bütün bunlara baxmayaraq, sözügedən 4 kənd hələ də verilmir. Bəs buna mane olan nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri bildirib ki, 4 kəndin Azərbaycana qaytarılmamasının əsas iki səbəbi var:

 

"Birinci səbəb ictimai rəydir. Bu yöndə həm Ermənistan hökuməti, həm də müxalif, revanşist qüvvələr ciddi mübarizə aparırlar. Revanşist qüvvələr guya erməni torpaqlarının Paşinyan tərəfindən Azərbaycana satıldığını bəyan etməklə xalqı Paşinyana qarşı qaldırmaq istəyirlər. Bu məsələnin arxasında, əlbəttə, Rusiya dayanır. Hökumət də bu torpaqların Azərbaycana məxsus olduğunu və onların qaytarılmalı olduğunu bəyan edir. Bununla da delimitasiya prosesinin praktiki mərhələyə keçdiyini elan edir. Hələlik ictimai rəydə bu yöndə mübarizə gedir. Düşünürəm ki, bu istiqamətdə hələ müəyyən vaxta ehtiyac olacaq. Ən azından ictimai rəydə başa düşməlidirlər ki, bu torpaqlar Ermənistana yox, Azərbaycana məxsusdur. Bunlar anklavda yerləşmədiyi üçün Azərbaycana qaytarılmalıdır. Torpaqların qaytarılması sülh prosesinə töhfə verə biləcək və qarşılıqlı etimada xidmət edəcək. Hələlik bu proses gedir. Digər yandan Ermənistanın 3-cü korpusu bu ərazilərdə mövqe tutublar. Bu kəndləri Azərbaycana qaytardıqları təqdirdə 3-cü korpusun müəyyən mənada geriyə çəkilməsi və yeni mövqelərdə yerləşməsinə ehtiyac var. Düşünürəm ki, bu yöndə də konkret qərar və hazırlıqlara ehtiyac var. Əsas səbəblər bunlardır".

Politoloq vurğulayıb ki, prosesi çox da uzatmaq mümkün olmayacaq:

 

"Çünki məsələ ilə əlaqədar Azərbaycan konkret olaraq öz qətiyyətli xəbərdarlığını edib. Ona görə də bu 4 kəndi geri qaytarmaqda müəyyən mənada qərarlı görünür. Əgər bu torpaqlar Ermənsitan tərəfindən qaytarılmasa, Azərbaycan hərbi əməliyyatlar keçirə və sadəcə bu 4 kəndlə kifayətlənməyə bilər. Azərbaycanın 4 yox, 8 kəndi işğaldadır. Ermənistan bunu unutmamalıdır. Əgər yenidən Qərb dünyası yalançı təhdid və ittihamlarla danışacaqsa, Azərbaycan nəyə görə hərbi əməliyyat keçirib 4 kəndlə kifayətlənməlidir? Düşünürəm ki, bir əməliyyatla Azərbaycan işğalda olan bütün əraziləri azad etməlidir. Ermənistanda da belə bir narahatçılıq mövcuddur. Ona görə də 4 kəndi qaytarmaq istəklərini dilə gətirirlər. Düşünürəm ki, qaytaracaqlar da. Onlar üçün  başqa alternativ yoxdur".

 

Politoloq Elxan Şahinoğlu söyləyib ki, Paşinyanın 4 kəndin qaytarılmasını uzatmamalıdır:

 

"Ermənistanın baş naziri Nikol Paşinyandan sonra parlamentin sədri Alen Simonyan da eyni cümləni işlədərək Ermənistanın 4 kəndi qaytarmayacağı halda Azərbaycanın müharibəyə başlayacağını bildirib. Deyəsən başda baş nazir olmaqla hökumət üzvləri və parlament sədri qapalı iclasların birində sözləşiblər ki, Ermənistan cəmiyyətini mümkün müharibə ilə qorxutsunlar. Azərbaycan üçün faydalı təbliğat vasitəsidir.

 

Əsas sual tarixlə bağlıdır. Nikol Paşinyan 4 kəndi hansı tarixdə Azərbaycana qaytarmağı planlaşdırır? Aydındır ki, bundan öncə Paşinyan müdafiə nazirinə əmr verməlidir ki, ordu bölmələrini həmin kəndlərdən çıxarsın. Bunu həyata keçirməklə bərabər geri çəkildikdən sonra ordu bilrlikləri Ermənistan ərazisində yeni mövqelər müəyyənləşdirməlidirlər. Paşinyan bu işləri uzatmamalıdır. Zaman onun əleyhinə işləyir. O aprelin 5-də Brüsselə gedəcək. Səfərdən əvvəl və ya sonra ən başlıcası aprel ayında bu məsələ həllini tapmalıdır".

Politoloq qeyd edib ki, Paşinyana çox vaxt verilə bilməz:

 

"Nikol Paşinyanın Kəlbəcər və Ağdamın boşaldılması nümunəsində olduğu kimi rəsmi Bakıdan 4 kəndi boşaltmaq üçün zaman istəyə biləcəyi də istisna deyil. Kəlbəcərdə ermənilər çıxmalı idilər, Qazaxa bitişik 4 kənddə isə ermənilər yaşamır. Ona görə Paşinyana çox vaxt verilə bilməz. Paşinyanın 4 kəndin qaytarılması ilə bağlı vaxtı uzatdıqca onun bu qərarına qarşı olanların müqavimət gücü də artır".

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı