Bu il 2020-ci il təvəllüdlü uşaqlar ilk dəfə məktəb partası arxasında əyləşəcək. Onların uşaqlıq illərinin ilk mərhələsi COVID-19 pandemiyası, karantin məhdudiyyətləri, sosial təmasların azalması və uzun müddət evdə qalma dövrünə təsadüf edib. Bu isə həmin nəslin məktəb mühitinə adaptasiyası, sosial bacarıqları və emosional davranışlarının əvvəlki illərdə məktəbə başlayan uşaqlardan fərqlənib-fərqlənməyəcəyi ilə bağlı müzakirələrə səbəb olur.
2026–2027-ci tədris ili üzrə ölkə üzrə I sinfə qəbul prosesi davam edir və sentyabrın 8-nə olan məlumata görə, artıq 124 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb. Bəs pandemiya dövründə doğulan və həyatlarının ilk illərini karantin şəraitində keçirən uşaqların məktəbə adaptasiyasında xüsusi çətinliklər gözlənilirmi?
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Murad bildirib ki, pandemiya amilinin uşaqların məktəbə uyğunlaşmasında xüsusi çətinlik yaradacağı gözlənilmir.
Onun sözlərinə görə, uşağın məktəbə başlamasının gecikməsi əsasən sağlamlıqla bağlı səbəblərlə əlaqəli ola bilər:
“Əgər uşağın hər hansı xəstəliyi varsa və müalicə alırsa, təbii ki, onun təhsilində müəyyən gecikmə ola bilər. Bu, pandemiya ilə deyil, sağlamlıq vəziyyəti ilə əlaqəlidir”.
Ekspert qeyd edib ki, sağlamlıq imkanları məhdud olan və məktəbə getməsi mümkün olmayan uşaqlar üçün də müvafiq təhsil imkanları yaradılır:
“Uşağın evdən çıxmasına imkan yoxdursa, inklüziv və ya evdə təhsil təşkil oluna bilər. Bunun üçün müvafiq ixtisası olan müəllimlər evdə tədris apara bilirlər. Əgər uşağın sağlamlıq vəziyyəti təhsil almasına imkan vermirsə, bu məsələ həkim və ya tibb müəssisəsinin rəyi əsasında müəyyənləşdirilir”.
Psixoloq Aydan Məmmədova isə pandemiya dövrünün bəzi uşaqlarda sosial və emosional bacarıqlara təsir göstərə biləcəyini düşünür.
Onun sözlərinə görə, uşaqların həyatlarının ilk 1-2 ilini daha çox ev şəraitində keçirməsi onların məktəb mühitinə uyğunlaşmasında müəyyən fərqlər yarada bilər:
“Bəzi uşaqlarda valideyndən ayrılma narahatlığı daha qabarıq şəkildə müşahidə oluna bilər. Qrup oyunlarının, birgə fəaliyyətlərin və sosial ünsiyyətin məhdud olması bəzi uşaqlarda sosial bacarıqların inkişafını gecikdirə bilər”.
Psixoloq həmçinin pandemiya dövründə ekran qarşısında uzun müddət qalmanın bəzi uşaqlarda diqqət və fokuslanma ilə bağlı çətinliklər yarada biləcəyini bildirib.
A.Məmmədovanın sözlərinə görə, sakit ev mühitindən səs-küylü və daha intensiv sinif şəraitinə keçid də bəzi uşaqlarda yorğunluq, narahatlıq və özünəqapanma ilə nəticələnə bilər.
O hesab edir ki, məktəbə adaptasiyanın ilk aylarında yalnız uşaqların akademik göstəricilərinə deyil, onların sosial və emosional vəziyyətinə də diqqət yetirilməlidir:
“Müəllimlər ilk aylarda emosional tənzimləmə, sinifdaxili ünsiyyət, hərəkətli fasilələr və rol oyunlarına da yer verməlidirlər. Valideynlər isə uşaqları dinləməli və yaranan çətinliklərə görə onları günahlandırmamalıdırlar”.
Psixoloq əlavə edib ki, 2023–2026-cı illərdə bağça və məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlarda pandemiyanın yaratdığı bəzi fərqlər artıq müəyyən qədər aradan qalxıb.
Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, pandemiya dövründə dünyaya gələn uşaqlar pandemiyadan əvvəl dünyaya gələn uşaqlarla müqayisədə fərqlidir.
“Pandemiya dövründə artıq təhsil alan, xüsusilə birinci və ikinci sinif şagirdlərində müəyyən geriləmələrin olduğunu müşahidə etmişik. Bunu PISA nəticələrində, eləcə də PIRLS, müxtəlif monitorinqlər və buraxılış imtahanlarının nəticələrində görə bilirik. Lakin 2020-ci ildə dünyaya gələn uşaqlar məktəbəqədər təhsilə iki və ya üç il sonra başladıqları üçün onların bilik və bacarıqlarına pandemiyanın mənfi təsiri o qədər də ciddi olmayıb”.
Pandemiya dövründə tətbiq olunan onlayn və distant təhsil zamanı müəyyən çətinliklər müşahidə edilirdi. Bu da həmin uşaqların təhsilində müəyyən fərqlər yarada bilər. Eyni zamanda, ayrı-ayrı ərazilərdə tətbiq olunan lokal məhdudiyyətlər, müxtəlif tədbirlərlə bağlı fasilələr və digər fors-major hallar səbəbindən tədris prosesində müəyyən dayanmalar baş verib. Məktəbəqədər təhsil müəssisələrində də bunun şahidi olmuşuq. Bu il birinci sinfə gedən uşaqların müəyyən hissəsi həmin çətinliklərlə üzləşib. Ona görə də ola bilər ki, onların təhsil göstəricilərində müəyyən çətinliklər ibtidai təhsilin sonunda, dördüncü siniflər üzrə keçiriləcək monitorinqlər zamanı özünü göstərsin. Lakin ümumilikdə onların təhsil göstəricilərinin aşağı olacağını düşünmürəm. Əksinə, əgər texnoloji alətlərdən asılılıqları yüksək olmazsa, onların nəticələri yaxşı ola bilər.
Aydan Qasımova