Modern.az

Londondakı təxribat nədən xəbər verir? 

Londondakı təxribat nədən xəbər verir? 

Parlament

5 Avqust 2022, 17:30

"Azərbaycan ərazilərində təxribat törədən qanunsuz erməni hərbi birləşmələrinə qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu “Qisas” əməliyyatından dərhal sonra Londondakı səfirliyimizin binasına “Khoddam Al Mehdi” adlı radikal dini qruplaşma üzvlərinin hücum təşkil etməsi təsadüfi deyil".

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli söyləyib.

 

Deputat qeyd edib ki, Azərbaycanın 44 günlük müharibədəki qələbəsini və bu qələbə nəticəsində regionda yaranmış reallıqları qəbul edə bilməyənlərin Ordumuzun zəfərindən keçən müddət ərzində sərgilədiyi davranışlar belə düşünməyə əsas verir.

 

"Azərbaycanın 30 illik işğala son qoyması, bu müddət ərzində Ermənistan üçün “həyat yolu” funksiyasını yerinə yetirən, 44 günlük müharibə nəticəsində işğaldan azad etdiyimiz torpalarımızdakı sərvətlərin mənimsənilməsi məqsədilə qəsbkarlarla ortaq işbirliyində olanları təsəvür etdiyimizdən də çox qəzəbləndirib. Bəzi dairələrin Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan və dünya erməniliyindən daha aqressiv mövqe nümayiş etdirmələri də bu ehtimalı bir daha təsdiqləyir.

 

30 il ərzində müsəlman azərbaycanlılara məxsus və İslam mədəniyyətinin ayrılmaz bir parçası olan abidələrin dağıdılmasına, məscidlərin, ziyarətgahların, qəbirlərin təhqir edilməsinə, uçurulmasına göz yuman və etiraz səsini ucaltmayanların müqəddəs Azərbaycan bayrağına əl uzatmaları o bayrağın şəhidlərimizin qanı, igid əsgər və zabitlərimizin rəşadəti sayəsində tarixi və əzəli yurd yerlərimizdə dalğalanmasından doğan narahatlıq kimi qəbul olunmalıdır. 

 

Heç bir maneə, heç bir təxribat Azərbaycanı qarşısına qoyduğu hədəflərdən yayındıra bilməz. Azərbaycan xalqı və dövləti öz strateji hədəflərinə doğru addım-addım irəliləməkdə davam edəcək", - deyə deputat Londondakı təxribata münasibət bildirib.

 

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.

 

İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi