Modern.az

Qarabağ erməniləri ilə görüş nədən xəbər verir? - ŞƏRH

Qarabağ erməniləri ilə görüş nədən xəbər verir? - ŞƏRH

1 Mart 2023, 16:44

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Parlamentari martın 1-də Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

 

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

 

İlkin məlumata görə, görüş zamanı Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

 

Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam etdiriləcək. Ehtimal olunur ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda baş tuta bilər.

 

Qarabağda yaşayan ermənilərlə görüşlər bizə nə vəd edir? Gözləntilər nədən ibarətdir?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Qarabağ erməniləri ilə görüşlərin keçirilməsi separatçı rejimin sonunu gətirir.

 

"Erməni əhali ilə yeni formatda ilk dəfə görüş keçirilib. Bu, ondan xəbər verir ki, erməni əhalinin Azərbaycana inteqrasiya olunması yolunda irəliləyiş var. Etnik ermənilərlə danışıqların aparılması separatçı rejimin sonunun çatdığından xəbər verir. Gələcəkdə Rusiya sülhməramlıları olmadan Gəncə, Ağdam və Bərdədə bu görüşlərin keçirilməsi mümkündür. Təbii ki, bu məsələ ermənilərin iradəsindən aslıdır. Dövlət tərəfindən hər zaman bəyan edilib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır. Onlar ölkəmizin pasportunu əldə edərək rahat şəkildə digər rayonlarda da yaşaya bilərlər", - deyə politoloq vurğulayıb.


İ.Vəlizadə qeyd edib ki, Qarabağda yaşayan ermənilərin Gəncə, Bərdə və Ağdama gəlməsi özləri üçün mühümdür:

 

"Onlar həmin əraziyə gəldikdə buradakı quruculuq işləri ilə tanış olacaqlar və öz yaşayışları ilə müqayisə edəcəklər. Bir sözlə, aradakı fərqi görəcəklər. Təbii ki, normal olaraq yaxşı həyat yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Azərbaycan bütün millətlərin firavan yaşaya biləcəyi ölkədir. Ermənistan bütün dünyaya göstərmək istəyir ki, guya azərbaycanlılarla etnik ermənilər birlikdə yaşaya bilməz. Ancaq bu danışıqlardan sonra müsbət irəliləyiş əldə olunarsa, Ermənistan tərəfinin söylədiklərinin yalan olduğunu hər kəs görəcək. Bu, həm də gələcəkdə indiki Ermənistan torpaqlarında yaşayan vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtması üçün önəmlidir. Biz hər zaman bəyan etmişik ki, ermənilərlə problemimiz yoxdur. Ermənilər Azərbaycanda yaşaya bildiyi kimi, azərbaycanlılar da Ermənistan ərazisində yaşaya bilər. Yəni ölkəmizin strateji planları bundan ibarətdir".

 


Politoloq Cümşüd Nuriyev isə söyləyib ki, danışıqlar zamanı Qarabağ ermənilərinə Azərbaycanın himayəsində hansı şəraitdə yaşayacaqları ilə bağlı məlumat verilib.


"Buna politologiya elmində xalq diplomatiyası deyilir. Bunun əsas məqsədi ermənilərin Azərbaycan dövlətinin verdiyi zəmanətlərlə tanış olmasıdır. Yəni Qarabağda yaşayan etnik ermənilərin hansı şərait altında yaşayacağıyla bağlı danışıqlar aparılıb. Xüsusilə, gələcəkdə birgə yaşayış məsələsi haqqında fikir mübadiləsinin aparılması istisna deyil. Bu cür danışıqların olması müsbət tendensiyadır", - deyə politoloq söyləyib.


C.Nuriyevin sözlərinə görə, Xocalıda görüşün keçirilməsi Ermənistanın əlinin Qarabağ ermənilərinin üzərindən çəkilməsi deməkdir:

 

"Azərbaycan nümayəndələrinin birbaşa olaraq erməni sakinlərlə danışıqlar aparması Paşinyan və Arayik Arutyunyanın onlara təsir etməyinin qarşısını alacaq. Ona görə də bu cür danışıqlar gələcək üçün müsbət hadisələrin xəbərçisidir demək olar. Həmçinin, bu görüşdə iştirak edən nümayəndələrimizə də təşəkkür düşür. Ölkəmiz bununla bir daha göstərir ki, Azərbaycanda hər bir xalq rahat şəkildə yaşaya bilər. Məsələn, bizim binada 2 erməni yaşayır və heç kəs onlara problem yaratmır. Demək istədiyim odur ki, bu məsələlərin həll olunması gələcəkdə Ermənistanın yalanlarını ifşa etmək üçün də mühümdir. Danışıqlar bölgədə separatizmin və münaqişələrin sonlanmasına öz töhfəsini verəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?