Modern.az

Zəngəzur dəhlizi strateji layihədir - İlham Əliyev mühüm mesajlar verdi

Zəngəzur dəhlizi strateji layihədir - İlham Əliyev mühüm mesajlar verdi

10 Yanvar 2023, 18:13

Hazırda biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il göstəriş verilib və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək.

 

Modern.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafında Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən söyləyib.

 

“Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda, biz müştərək tarif siyasətini həyata keçirməklə bu yolu iqtisadi cəhətdən daha cəlbedici etməliyik. Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni, təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

Prezident, həmçinin qeyd edib ki, Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur.

 

Bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapdığını qeyd edən dövlət başçısı deyib: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”.

 

Prezident deyib ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir: “Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”.

 

Dövlət başçısı onu da vurğulayıb ki, nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin yaradıb. Artıq görülən və bundan sonra görüləcək işlər, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirəcək. Çünki adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.

 

“Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib”, - deyə dövlət başçısı qeyd edib.

 

Azərbaycan Prezidenti vurğulayıb ki, Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir: “Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?